Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi həmrəyliyimizin dünyaya nümayişdir - Elnur Allahverdiyev

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi həmrəyliyimizin dünyaya nümayişdir - Elnur Allahverdiyev

Bakı. TurkicWorld:

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bizim böyük xalq olmağımızın və birliyimizin göstəricisi, həmrəyliyimizin dünyaya nümayişdir”.

Bu sözləri TurkicWorld-ə açıqlamasında Milli Məclisin üzvü Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, böyük xalqların arzuları da böyük olur: “Şuşanın 28 ildən çox çəkən işğaldan azad olunması da xalqımızın böyüklüyü, iradəsi, əzmi, müdrikliyinin nəticəsidir. Bu alınmaz qalanı Azərbaycan xalqının övladları qanları və canları bahasına namərd düşməndən azad etdilər. O düşməndən ki, iki əsr əvvəl həmin bu qala şəhərimizdə ona sığınmaq üçün imkan vermişik, torpağımızdaməskunlaşmasına göz yummuşuq, çörəyimizi, suyumuzu bölüşmüşük. O isə bizə xəyanət edərək bu iki əsr ərzində Şuşamıza göz tikib, şəhərin işğalına bir neçə dəfə can atıb, ona ziyan vurub, sakinlərini qətlə yetirib və ötən əsrin 90-cı illərinin əvvəlində, daha dəqiqi isə, 1992-ci ildə şəhəri qəsb edib”.

E.Allahverdiyev qeyd edib ki, Şuşa şəhəri bizim mənəviyyat rəmzimiz, milli ideologiyamızın mühüm komponentidir: “Eyni zamanda bizim üçün həm də bir nisgil qalasıdır. Bu şəhərdə tariximizin bir çox qanlı səhifələri yazılıb, xalqımızın kürəyinə xəncərlər sancılıb. Ancaq nə xoşbəxtik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman oğullarımız tarixi ədaləti bərpa edib, Şuşanı Vətənə qaytarıblar. Şuşa indi hər birimizi, o cümlədən dünyanın dörd bir yanında yaşayan soydaşlarımızı bağrına basır. Vaxtilə Qarabağ xanlarının siyasi, indi isə bütün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa da sevinir. Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağda, Şuşada keçirilməsi parlaq rəmzi xarakter daşıyır və müasir tariximizdə yeni bir səhifənin açılması anlamına gəlir”.

Deputat əlavə edib ki, ermənilər 28 il ərzində bütün dünyaya bu şəhərin onlara məxsusluğunu sübut etməyə çalışsa da, buna nail ola bilmədi: “Şəhəri məskunlaşdırmaq istəsə də, uğursuzluğa düçar oldu. Çünki bu şəhər bizim şəhərimizdir, ruhu ilə, tikililəri ilə, tarixi və bu günü ilə, sakinləri ilə. Şuşanın azad olunması ərəfəsində burada Yaxın Şərqdən, Livan və Suriyadan köçürülmüş cəmi 2-3 min erməni məskunlaşdırılmışdı. Niyə Ermənistandakı ermənilərdən heç kim buraya köçmədi? Çünki bilirdilər ki, bu şəhər onlara məxsus deyil. Bu gün bizim qurultayımızın Şuşada keçirilməsi dünyaya daha bir mesajdır: qoy görsünlər ki, Şuşa kimə məxsusdur və bu şəhərin əsl sahibi kimlərdir!”

Milli Məclisin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də hesab edir ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Azərbaycan tarixində ən önəmli hadisələrdən biridir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra və eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Dünya Azərbaycanlılarının növbəti Qurultayının ilk dəfə olaraq Şuşa şəhərində, Qarabağın mərkəzində keçirilməsi özü-özlüyündətarixi hadisədir. Nəzərə alsaq ki, burada işirak edən insanlar həm də Azərbaycanın dünyada tanınmış diaspor nümayəndələri olmaqla yanaşı, yaşadıqları ölkənin ictimai-siyasi və mədəni həyatında, iqtisadi proseslərində mühüm rol oynayırlar, bu qurultayın nə qədər vacib olduğunu bir daha görərik”.

M.Abbaszadə hesab edir ki, bu mötəbər tədbir işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan tikinti və yenidənqurma işlərinə də mühüm təkan verəcək: “Heç də təsadüfi deyil ki, qurultayın iki panelindən biri “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzusunda olacaq. Bu mənada Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi gələcəkdə Şuşaya, bütövlükdə Qarabağ iqtisadi rayonuna, həmçinin Şərqi Zəngəzur iqtisadi rayonuna investisiyaların cəlb edilməsində, burada iqtisadiyyatın formalaşmasında, buradan köçən insanların yenidən bu ərazilərə qayıdarkən məşğulluq məsələlərinin həll edilməsində aparıcı rol oynayacaq”.