Bakı, TurkicWorld
İstanbulda İnkişaf etməkdə olan 8 Ölkə Təşkilatı (D-8) Katibliyinin yeni binasının açılış mərasimi keçirilib.
TurkicWorld-un məlumatına görə, yeni binanın açılışında təşkilata üzv ölkələrin səfirləri, baş konsulları, bəzi dövlət və özəl qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Baş katib İsiaka Abdulkadir İmam, Misirin paytaxtı Qahirədə keçirilən D-8 Təşkilatının 11-ci Zirvə Toplantısında Azərbaycanın yekdilliklə D-8-ə üzv qəbul edildiyini xatırladıb.
"Hazırda Katiblik Azərbaycanın D-8-də tam şəkildə iştirakını sürətləndirmək üçün çalışır",- deyə baş katib bildirib.
Baş katib eyni zamanda Türkiyənin Qəzzaya və fələstinlilərə verdiyi dəstəyi müsbət qiymətləndirib.
"Türkiyənin Fələstinlilərə, xüsusilə də Qəzzaya verdiyi öncül rolu və dəstəyini təqdir etmək istərdim. Türkiyə də Fələstindəki işğalçıların zalım hakimiyyətinə qarşı D8-də aparıcı səs oldu",-deyə o qeyd edib.
Nəzərinizə çatdıraq ki, keçən ilin noyabr ayında D-8 təşkilatı yeni binaya köçürülüb.