Bakı. TurkicWorld:
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksikanın "Change Tv" kanalında yayımlanan "Eco Internacional" verilişinə qonaq olub. Aparıcı Aribel Kontreras ilə müsahibə zamanı səfir Azərbaycanın enerji təhlükəsizliyindəki mühüm rolunu və ölkənin COP29-a ev sahibliyi etməsi mövzusunu müzakirə edib.
TurkicWorld xəbər verir ki, Məmməd Talıbov əvvəlcə tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi, müsəlman Şərqində ilk demokratik respublikanın qurulması və qadınlara bərabər hüquqların verilməsində ölkəmizin öncüllüyü barədə məlumat verib. O, Azərbaycanın müstəqillik tarixi, xalqımızın üzləşdiyi çətinliklər və çağırışlardan danışaraq, xüsusilə Ümummilli Lider Heydər Əliyevin ölkənin çətin dövrlərində hakimiyyətə qayıdışının dövlətçiliyin qorunmasında oynadığı rolu vurğulayıb.
Müsahibədə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs edən diplomat, ölkəmizin son illərdə təşkil etdiyi mötəbər beynəlxalq tədbirləri qeyd edib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropa və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi, Formula 1 Azərbaycan Qran-Prisi kimi böyük tədbirləri təşkil etməsi və iqlim dəyişikliyinə həsr olunmuş COP29-a ev sahibliyinin bu siyahıya daxil edildiyini bildirib. Diplomat, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki vacib rolunu da vurğulayıb və COP29-a hazırlıq prosesi barədə məlumat verib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji roluna dair verilən sualı cavablandıran səfir, ölkəmizin neft və qaz strategiyası çərçivəsində həyata keçirdiyi infrastruktur layihələri, boru kəmərləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan danışıb.
Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı sualları cavablandıran diplomat, 30 illik işğalın başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və qaçqınların qayıdışını təmin etmək üçün həyata keçirilən "Böyük Qayıdış" proqramı haqqında danışıb. O, həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının və ölkənin hüquqi sənədlərindən ərazi iddialarını çıxarmasının vacibliyini vurğulayıb.
Sonda səfir, Azərbaycan-Meksika münasibətlərinə toxunaraq iki ölkə arasında turizm, mədəniyyət, təhsil və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarından bəhs edib və bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün böyük potensial olduğunu diqqətə çatdırıb.