Bakı. TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. O, yanğınların söndürülməsi üçün təyyarə göndərdi, və bu təyyarə vasitəsilə biz yanğınları çox effektiv şəkildə söndürə bildik."
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.
Ərdoğan əlavə edib ki, ümumilikdə Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb: "Yanğınların söndürülməsində 27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını qeydə alınıb. Müvafiq nazirlər daim yerlərdədir və mən də onlardan mütəmadi məlumat alıram."
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən güclü meşə yanğınları ilə mübarizə məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində yanğınla mübarizə tədbirlərində iştirak edir.