Bakı. TurkicWorld:
Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin Qərarını imzalayıb.
TurkicWorld xəbər verir ki, qərarda deyilir:
"Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində uğurla və ardıcıl şəkildə həyata keçirilmiş çoxşaxəli və məqsədyönlü islahatlar nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlardan kənarda qalmayan Azərbaycan Respublikası Milli Məclisinə 2020-ci ilin fevral ayında növbədənkənar seçkilər keçirilmişdir. Bu müddət ərzində Milli Məclis dövlətin daxili və xarici siyasətinin həyata keçirilməsində, dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin qanunvericilik fəaliyyətini həyata keçirməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.
2024-cü ilin noyabr ayında bir çox ölkələrdən nümayəndə heyətlərinin iştirakı ilə ən mötəbər beynəlxalq tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası Azərbaycanda keçiriləcəkdir. Dünya ictimaiyyəti tərəfindən yekdilliklə ölkəmizə etimad göstərilməsi Azərbaycana layiq olduğu böyük etibar, ehtiram və dəstəyin növbəti ifadəsi olmuşdur və bu tədbirlərin ən yüksək səviyyədə təşkilinin öhdəsindən gəlinməsi böyük məsuliyyət tələb etməklə dövlətimiz üçün nüfuz məsələsinə çevrilmişdir və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli gələn öhdəliyidir.
Bu baxımdan Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin sədrinə müraciət edərək həm parlament seçkilərinin, həm də adı çəkilən tədbirlərin yüksək səviyyədə təşkilinin böyük əhəmiyyət kəsb etdiyini və həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəuyğunluğunu nəzərə alaraq, növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirmişlər. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların müraciəti digər siyasi partiyaları təmsil edən deputatların, habelə heç bir siyasi partiyaya mənsub olmayan deputatların əksəriyyəti tərəfindən dəstəklənmiş və növbədənkənar seçkilər keçirilməsinin zəruriliyi bəyan edilmişdir.
COP29 zamanı Azərbaycan Respublikası Milli Məclisinin ərazi bütövlüyümüzün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkəmiz üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının tam formalaşdırılması zəruridir.
COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir.
Qeyd edilənlər və deputatların mütləq əksəriyyətinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı mövqeyi nəzərə alınmaqla, parlament seçkilərinin seçki qanunvericiliyinə uyğun keçirilməsi və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edilsin".
xxx
12:08
Bakı. TurkicWorld :
Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
TurkicWorld -un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ daxil edilib.
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyi xahiş ediblər.
Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər.
Müzakirələrdən sonra müraciət səsverməyə qoyularaq qəbul edilib.