Prezident İlham Əliyevin müsahibələri qlobal gündəm yaradır

Prezident İlham Əliyevin müsahibələri qlobal gündəm yaradır

Prezident İlham Əliyevin təkcə İspaniyanın deyil, Avropanın və Cənubi Amerikanın ən nüfuzlu media resurslarından olan “El Pais” nəşrinə müsahibəsi beynəlxalq medianın və təbii ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın dövlət başçısına böyük marağından irəli gəlir. Bu maraq isə Azərbaycanın və onun liderinin regional və qlobal proseslərdə oynadığı roldan, Prezident İlham Əliyevin dünyada baş verən prosesləri obyektiv bir şəkildə şərh etmək məharətindən, cəsarətli və prinsipial mövqeyindən qaynaqlanır. Bu baxımdan, Prezident İlham Əliyevin müsahibələrinin, mübaliğəsiz olaraq, qlobal miqyasda gündəm yaratdığını deyə bilərik.

Bunu TurkicWorld-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu il fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi və 4 saatdan artıq davam edən mətbuat konfransı dünyada geniş rezonans doğurmuşdu.

“Dövlətimizin başçısının “BBC News", "CNN", “France 24” və digər telekanallara müsahibələri qısa bir zamandan sonra əksər sosial şəbəkələrin trendinə çevrildi və Azərbaycan prezidentinin öz dövlətinin haqlı mövqeyini böyük ustalıqla müdafiə etmək bacarığı dünyanın nüfuzlu ekspertləri tərəfindən nümunə göstərildi.

Bu baxımdan, cənab İlham Əliyevin “El Pais” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlərin hələ uzun müddət Cənubi Qafqazda baş verən proseslərin təhlili baxımından etibarlı və obyektiv istinad mənbəyi olacağına şübhə etmirəm”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Prezidentin “El Pais” nəşrinə müsahibsəində nəzərə çarpan maraqlı məqamlardan biri Azərbaycan-Ermənistan dövlət sərhədində müşahidə olunan gərginliklərin Ermənistandakı revanşizm atmosferi, həmçinin Ermənistan hakimiyyətinin uzun illər ərzində həyata keçiridiyi ideoloji təbliğatın darmadağın olması və bundan irəli gələn problemlərlə izah olunmasıdır.

“Bu yanaşma Ermənistandakı vəziyyətin yalnız ictimai-siyasi proseslər müstəvisindən deyil, həmçinin etnopsixoloji aspektlərdən təhlil edilməsi nəticəsində ortaya çıxan baxış bucağıdır və Ermənistan cəmiyyətindəki reallıqları obyektiv şəkildə əks etdirir.

Cənab Prezident tamamilə haqlı olaraq, Ermənistanın sülh təşəbbüslərinə dair susqunluğunu müharibədə böyük, qeyri-real gözləntilər müqabilində acı məğlubiyyətdən irəli gələn məyusluq və bütün bunların cəmiyyətdə psixoloji travma yaratması ilə əlaqələndirir və əslində, Ermənistan cəmiyyəti üçün xilas yolunu da göstərir - Ermənistan düşmənçilikdən və ərazi iddiasından əl çəkməli, normal davranış nümayiş etdirməli və sülh razılaşması üzərində işə başlamalıdır. Paradoksal görünsə də, 44 günlük müharibədə Ermənistanı məğlub edən Azərbaycanın Ali Baş Komandanının bu yanaşması bölgədə davamlı sülhə nail olmaq və Ermənistanın bir dövlət olaraq mövcudluğunu qoruyub saxlamaq üçün, alternativi olmayan yol xəritəsidir”, - deyə E.Mirzəbəyli bildirib.