Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşünün keçiriləcəyi yer açıqlandı

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşünün keçiriləcəyi yer açıqlandı

Bakı. TurkicWorld:

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti - 10-cu üçtərəfli görüşü Türkiyədə baş tutacaq.

TurkicWorld xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.

“Biz razılaşdıq ki, növbəti üçtərəfli görüşümüz Türkiyədə baş tutacaq”, - deyə nazir bildirib.

Nazir həmçinin bugünkü görüşdə müzakirə edilən məsələlərə toxunub.

“Biz birgə regional layihələrə böyük önəm veririk, və bütün bu layihələrin tam formatda reallaşması mütləqdir. Enerjinin nəqli sahəsində əməkdaşlığımız, Asiyadan Avropaya enerjinin nəqli və bununlada Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi xüsusilə vacibdir”, - nazir bildirib.

Eyni zamanda onun sözlərinə görə, görüş zamanı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələrin icrasına da diqqət yetirilib.

“Ölkələrimizin Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün əməkdaşlığı dərinləşdirməsi önəmlidir və biz buna önəm veririk. Ölkələrimizin tranzit potensialının artırılması üçün sıx əlaqələri davam etdirməliyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsi qəbul edilib.