Azərbaycan Ermənistanla Rusiya ərazisində sülh sazişi imzalamağa hazırdır - Lavrov

Azərbaycan Ermənistanla Rusiya ərazisində sülh sazişi imzalamağa hazırdır - Lavrov

Bakı. TurkicWorld:

Azərbaycan Ermənistanla Rusiya ərazisində sülh sazişi imzalamağa hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Qərbdən olan həmkarların sülh sazişinin yalnız onların ərazisində imzalanmasını istədikləri faktdır. Azərbaycanın sülh sazişini, əslində, münaqişənin bitməsi və bütün məsələlərin tənzimlənməsi üzrə qarşılıqlı əlaqələr sisteminin qurulması üzrə səylərin başladığı Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu mənə məlum deyil, hərçənd Ermənistanın paytaxtına müvafiq mesajlar çoxdan göndərilib", - o deyib.

Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində dediyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub.

"2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Biz, həqiqətən də, sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur", - o deyib.