"3+3" perspektivli və xarici təsirdən azad formatdır - Lavrov

"3+3" perspektivli və xarici təsirdən azad formatdır - Lavrov

Bakı. TurkicWorld:

Azərbaycan, Ermənistan və Gürcüstanın üç ən yaxın qonşuları olan Rusiya, İran və Türkiyə ilə əməkdaşlıq mexanizmi ("3+3" formatı) perspektivlidir, çünki qlobal siyasi konyunkturadan asılı deyil.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Üç Cənubi Qafqaz ölkəsi olan Ermənistan, Azərbaycan və Gürcüstanın üç ən yaxın qonşuları olan Rusiya, İran və Türkiyə ilə əməkdaşlıq mexanizmini aktiv şəkildə inkişaf etdirməyi təklif etdik. Bir sıra görüşlər keçirildi, Ermənistan nümayəndələri iştirak etdi. Mənə elə gəlir ki, zamanla məhz bu format perspektivli olacaq, çünki hər hansı qlobal geosiyasi konyunkturadan asılı deyil və hazırda Vaşinqtonun Brüsseldən olan həmkarları ilə birgə inkişaf etdirdiyi hegemonluğun saxlanılması uğrunda geosiyasi oyundan azaddır", - deyə Lavrov əlavə edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Tehranda "3+3" formatında Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə iclas keçirilib.

Xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunub.

"3+3" formatında keçirilən görüşün əsas məqsədlərindən biri regional problemlərin regiondan kənar ölkələrin iştirakı olmadan və region ölkələrinin iştirakı ilə həlli, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması olub.

Xatırladaq ki, "3+3" formatında ilk görüş 2022-ci ildə Moskvada Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.