Ombudsman və əməkdaşları keçirilmiş seçkiləri izləyib, bu istiqamətdə təcrübə qazanıblar - Səbinə Əliyeva

Ombudsman və əməkdaşları keçirilmiş seçkiləri izləyib, bu istiqamətdə təcrübə qazanıblar - Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Vətəndaşların seçki hüququnun təmini”mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, fəaliyyət dövrü ərzində Ombudsman və əməkdaşları ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə referendumları müstəqil müşahidəçi qismində izləyib, bu istiqamətdə kifayət qədər təcrübə qazanıblar:

"Seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür və bu barədə müvafiq məlumat operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən media vasitəsilə ictimaiyyətə çatdırılır.

Ümumilikdə həmin müşahidələrimizin nəticəsi olaraq bildirmək istərdim ki, ötən dövrdəki seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Qeyd olunmalıdır ki, vətəndaşların seçki hüquqları təmin olunub, seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb.

Səsvermənin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən müdaxilə müşahidə edilməyib”.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.