Prezident seçkilərini müşahidə etmək üçün 72 beynəlxalq müşahidəçi müraciət edib

Prezident seçkilərini müşahidə etmək üçün 72 beynəlxalq müşahidəçi müraciət edib

Bakı. TurkicWorld:

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib.

TurkicWorld-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu müraciətlərin hamısı müsbət qarşılanıb.

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası artıq məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsui icazəli YAP müşahidəçiləridir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK-nın yanvarın 6-da keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.