Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib

Bakı. TurkicWorld:

Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamağa görə tam məsuliyyət daşıyan və beynəlxalq hüququ, eləcə də, ATƏT prinsiplərini pozaraq, Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan digər ölkələrə insan hüquqlarından, hüquq və tarixdən qaynaqlanan məsələlərdən tənqid və mühazirə oxuya biləcək sonuncu ölkədir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Ermənistan nümayəndə heyətinə cavab bəyanatında qeyd edilib.

"Xanım Prezident, ötən ilin noyabrında və bu gün regiona səfəriniz zamanı səsləndirdiyiniz sülh sazişi və əlaqələrin normallaşdırılması istiqamətində irəliləyiş üçün konstruktiv fəaliyyətə çağırışınıza Ermənistanın burada, ATƏT-dəki nümayəndə heyəti tərəfindən cavab verilməməsi təəssüf doğurur.

Tam əksinə olaraq, ikitərəfli danışıqlarda dinamizm və tərəqqidən, hətta kiçik də olsa, hər iki ölkənin razılaşdığı etimad quruculuğundan asılı olmayaraq, özünəməxsus vəziyyətlə üzləşirik, Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin ritorikası dəyişməz olaraq qalır, heç bir faydası olmayan və sülhü bir qarış da yaxınlaşdırmayacaq köhnəlmiş münaqişə qavrayışlarını dönə-dönə təkrarlayır.

Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi və Ermənistan tərəfindən keçmiş işğal altındakı ərazilərdə yaradılmış qanunsuz "Miki Maus" rejiminin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallığı qəbul etməli və onunla barışmalı, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanımaya və hörmətə əsaslanan dövlətlərarası əlaqələrin üç xətli normallaşması ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə fokuslanmalıdır.

Ermənistan, nəhayət, anlamalıdır ki, yalnız suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanımaya əsaslanan Azərbaycanla sülh və yaxşı qonşuluq münasibətləri regional təhlükəsizliyi təmin edə, etimad inşa edə və Azərbaycan ərazilərinin təxminən 30 illik işğalının nəticələrinin aradan qaldırılmasının, Ermənistandan çıxarılan azərbaycanlılar da daxil olmaqla, bütün köçkünlərin təhlükəsiz və könüllü qayıdışının şərtlərini formalaşdıra bilər.

Reinteqrasiya və reabilitasiya səyləri irəlilədikcə biz əminik ki, Ermənistana köçmüş erməni sakinlər Azərbaycanın Qarabağ bölgəsindəki həyatın Ermənistanın çəkdiyi təhrif olunmuş görüntülərdən fərqli ola biləcəyini görəcəklər. Lakin Ermənistan nümayəndə heyətinin bu gün verdiyi bəyanatlar Ermənistanın məhz bundan qorxduğunu göstərir.

Ermənistan Azərbaycana və onun xalqına vurduğu zərəri ödəməlidir", - bəyanatda deyilir.