Lui Bono Azərbaycana səfər edib

Lui Bono Azərbaycana səfər edib

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Bakıya gəlib.

Bu barədə TurkicWorld-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“O, Azərbaycan və Ermənistan arasında sülhün təşviqində ABŞ-ın dəstəyini vurğuladı”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olmaqda davam edir.

"Beynəlxalq səhnədə baş verən hər şeylə yanaşı, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olmaqda davam edir. Dövlət Departamenti bu məsələ ilə məşğul olmağa davam edəcək", - o deyib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərində Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf etməklə yanaşı, saziş layihəsi üzrə əlavə maddələr və qarşılıqlı anlaşma haqqında razılığa gəliblər.