Lui Bononun Cənubi Qafqaz regionuna səfərinin təfərrüatları məlum olub

Lui Bononun Cənubi Qafqaz regionuna səfərinin təfərrüatları məlum olub

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyini ifadə etmək, davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək.

Bu barədə TurkicWorld-ə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

"Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, Azərbaycana və Ermənistana səfər edəcək", - deyə səfirlikdən bildiriblər.

Məlumata görə, Lui Bono humanitar şəraiti, eləcə də Qarabağın erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini müzakirə edəcək.

"Biz daima o fikirdəyik ki, regionda sülh özündə bu məsələləri ehtiva etməlidir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitliyi gətirən istənilən prosesə köməklik göstərməyə hazırıq", - deyə səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Bono mayın 23-25-də regiona səfər edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 31-də keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi əldə etmək olar.

Miller qeyd edib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə razılığa gəlməyə kömək etmək üçün danışıqları davam etdirir.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin əlavə işlənib hazırlanmasını tələb etdiyini etiraf ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn