Bakı. TurkicWorld:
Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfər proqramı açıqlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, 4 noyabr 2023-cü il tarixində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və burada həmkarı, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.
Bildirilib ki, Almaniya regionda davamlı sülhün və Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpa olunmasının tərəfdarıdır.
Qeyd edək ki, Azərbaycanla Almaniya arasında müqavilə-hüquqi bazası kifayət qədər genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi nəzərdən keçirilməkdədir.
Son 30 il ərzində iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyəyə çatıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib, bunlardan təqribən 170-i Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvüdür. Bu şirkətlər energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bankçılıq, sığorta və ticarət kimi sahələrdə fəaliyyət göstərir.
Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollardan çox olub. Bunun 591,3 milyon dolları Azərbaycan ixracının, 663,5 milyon dollar isə idxalın payına düşüb. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətinin ümumi həcmində 8-ci yer tutub.