Xocalı soyqırımının işıqlandırılması bir çox faciənin qarşısını ala bilərdi - Litvalı jurnalist

Xocalı soyqırımının işıqlandırılması bir çox faciənin qarşısını ala bilərdi - Litvalı jurnalist

Bakı. TurkicWorld:

Dünya 1992-ci ildə baş vermiş Xocalı soyqırımına lazımi diqqəti göstərsə idi, indiki bir çox faciənin qarşısını almaq olardı.

TurkicWorld şənbə günü xəbər verir ki, bunu jurnalistlərə litvalı hərbi jurnalist Riçardas Lapaytis "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumu çərçivəsində deuib.

"1992-ci ildə Xocalıda soyqırım baş verəndə təəccüblü olan o idi ki, faciəni işıqlandırmaq üçün hadisə yerinə gələn xarici jurnalistləri barmaqla saymaq olardı. Beynəlxalq KİV susurdu. Dünya mətbuatı həmin hadisələri aktiv şəkildə işıqlandırsa idi, bəlkə də sonrakı bir çox faciənin, o cümlədən Ukrayna və digər yerlərdəki hadisələrin qarşısını almaq olardı. Anlayıram, erməni siyasətçilər tərəfindən çox güclü dezinformasiya aparılırdı. Onlar Xocalıda baş verənləri gizlədirdilər. Heç kim, hətta ABŞ mediası, BBC, Reuters - heç biri ora gəlmədi", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, jurnalist peşəsini seçən şəxs hadisələri obyektiv işıqlandırmalıdır.

"Hazırda bura gələnlərin qarşısında baş əyirəm. 30 il bundan əvvəl Şuşada oturaraq kofe və çay içəcəyimi yalnız xəyal edə bilərdim. Həmişə inanırdım ki, azərbaycanlılar bu şəhərə qayıda biləcəklər", - deyə Lapaytis əlavə edib.

O həmçinin, Şuşanın azərbaycanlılar üçün xüsusi önəm daşıdığını vurğulayıb. "Onlar üçün bu yer doğma və müqəddəsdir, muğamın, böyük şair, yazıçı və mütəfəkkirlərin diyarıdır", - o deyib.

Qeyd edək ki, Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Heydər Əliyev ili" çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü münasibətilə "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forum keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)