Numan Kurtulmuş Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib

Numan Kurtulmuş Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib

Bakı. TurkicWorld:

İyulun 12-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

TurkicWorld-in məlumatına görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub. TBMM sədri Numan Kurtulmuş burada Xatirə dəftərini imzalayıb.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər müşayiət ediblər.