Ermənistanın Arazdəyən təxribatı - Xarici mütəxəssislər xəbardarlıq edir (TƏHLİL)

Ermənistanın Arazdəyən təxribatı - Xarici mütəxəssislər xəbardarlıq edir (TƏHLİL)

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycana qarşı ekoloji terrorunu davam etdirir. Azad olunmuş ərazilərdə fəsadlarının aradan qaldırılması qeyri-mümkün olan ekoloji cinayətlər törədilib. Bu gün isə Ermənistan digər bir üsulu əl ataraq bu siyasətini Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək istəyir. Arazdəyən kəndində inşa olunan metallurgiya zavodu da bu məqsədə xidmət edir. Zavodun illik istehsal gücü 180 min tondan yuxarıdır ki, bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.

Ermənistanın bu ərazidə iri metallurgiya zavodu tikməsi, onun növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozulması deməkdir.

Ermənistanın geniş miqyaslı ekolji hücumuna beynəlxalq təşkilatlar, xarici ölkələrin vətəndaş cəmiyyətləri də biganə qalmamalıdır.

"Network of TB Champions" (Kenya) təşkilatının nümayəndəsi Stiven Anquva Şikoli TurkicWorld-ə açıqlamasında bildirib ki, dünya birliyi Ermənistanla Azərbaycanın Naxçıvan sərhədində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisinin qarşısını almaq üçün tədbirlər görməlidir.

"Mən bu zavodun tikintisinin qəti əleyhinəyəm, çünki bu obyektdə istehsal prosesi zamanı buraxılacaq kimyəvi maddələr təkcə onun ətrafını deyil, daha geniş regionu da çirkləndirəcək. Nəfəs aldığımız hava, iqlimimiz hamısı bir-birinə bağlıdır. Beləliklə, bu fəlakətli tikinti hətta Afrikada da havanı çirkləndirəcək", - deyə o bildirib.

Ekspertin fikrincə, bu, məsələn, Keniyada vəhşi təbiətə böyük təsir göstərəcək:

"Biz artıq dünyada belə zavodların təbiəti necə öldürdüyünü görmüşük. Bu polad zavodunun tikintisinə xərclənən bütün bu pullar yeni xəstəxanaların və ya məktəblərin tikintisinə sərf oluna bilərdi. Ona görə də mən qlobal vətəndaş cəmiyyətini bu zavodun tikintisinə qarşı çıxmağa çağırıram".

Hindistandan olan hüquq müdafiəçisi, İnsan Hüquqları Komissiyasının İsveçrədəki qərargahında rəsmi könüllü Mohmad Hüseyn isə TurkicWorld-ə bildirib ki, Ermənistanla Naxçıvanın sərhəddində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisi rayon əhalisinin sağlamlığına ciddi ziyan vura bilər.

"Belə zavodun tikintisi insan sağlamlığı, ətraf mühit və davamlı inkişaf üçün təhlükə yaradır. Polad zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri əhəmiyyətli dərəcədədir. Bu ekoloji təsir insan sağlamlığına və təhlükəsizliyinə, floraya, faunaya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, bu tullantıların Araz çayına atılmasının narahatlıq doğuran ehtimalı çayda yaşayan canlılar və Araz suyundan suvarma üçün istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır:

"İçməli su təchizatının zədələnməsi insanların sağlamlığına və su təhlükəsizliyinə ziyandır və bu, sərhədyanı kəndlərdə yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Biz insanlara, faunaya, floraya, torpağa, şirin su təchizatına dərindən təsir edə biləcək bu cür ətraf mühitin çirklənməsinə və böhranına qarşıyıq və onun ekoloji kampaniyasında Azərbaycanı dəstəkləyirik".

Ekspert qeyd edib ki, BMT, ÜTT kimi müvafiq beynəlxalq təşkilatlar bu vəziyyətə reaksiya verməyə və Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağa çağırılmalıdır:

"Biz Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını, xüsusən də ictimai səhiyyə sahəsində fəal olanları dərhal tədbir görməyə və bu zavodun yaradılmasına etiraz etməyə çağırırıq. Onun tikintisi, şübhəsiz ki, Ermənistanın özündə ekoloji vəziyyətə ciddi mənfi təsir göstərəcək. Mən zavodun tikintisi ilə bağlı bu qərarın qəti əleyhinəyəm, ümid edirəm ki, ləğv olunacaq".

Zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir, o zaman bu məsələnin həllinin iki yolu var: Ya beynəlxalq aidiyyatı qurumlar məsələyə dərhal reaksiya verib, problemin aradan qaldırılmasına səy göstərməlidir, ya da Azərbaycan özü bu fəlakətin qarşısını almaq məqsədi ilə lazımı addımlar atmalıdır. Təəssüflər olsun ki, birinci variant hələ də aktiv deyil və beynəlxalq təşkilatlar yenidən bu erməni özbaşınalığını kənardan seyr etməklə, İrəvanın növbəti eko-terror əməlini sükutla qarşılamaqda davam edir.