MİNEPS konfransında rekord sayda nümayəndə iştirak edib

MİNEPS konfransında rekord sayda nümayəndə iştirak edib

Bakı. TurkicWorld:

Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlər və Yüksək Vəzifəli İşçilərin 7-ci Beynəlxalq Konfransında (MINEPS VII) rekord sayda nümayəndə iştirak edib.

TurkicWorld-un məlumatına görə, bunu konfransın rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.

"Bu gün konfransda 124 ölkədən nümayəndə qeydiyyatdan keçib", - F.Qayıbov vurğulayıb.

Onun sözlərinə görə, tədbirə hazırlıq 2022-ci ildən başlayıb və bu istiqamətdə mühüm işlər görülüb. Hazırda təşkilatçılar konfransla bağlı müsbət rəylər alırlar.

O, Covid-19 pandemiyasından sonra idmanın təşviqinə yönəlmiş YUNESKO-nun “Həyat üçün uyğun” təşəbbüsünün əhəmiyyətini qeyd edib.

Nazir həmçinin bu gün qəbul edilən qərarların fiziki inkişaf prosesinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, iyunun 26-29-da Bakıda 150-dək ölkənin nümayəndələrinin iştirakı gözlənilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlər və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir.