Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bilər

Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bilər

Bakı. TurkicWorld:

Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov "Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələrinə, xüsusilə də onların problemlərinə diqqət yetirilib.

"Təəssüf ki, dünyada müstəmləkəçilik davam edir və ya onun təsiri hiss olunur.Afrika İttifaqına gəlincə, mən digər ölkələrdə daha çox əməkdaşlıq, onların ofisləri və regional nümayəndəliklərini görmək istəyirəm. Azərbaycan Afrika ölkələrinə maliyyə yardımı göstərib, təhsil və səhiyyəyə pul ayırıb",- deyə A.Əzimov əlavə edib.

Qeyd edək ki, Bakıda "Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu" adlı beynəlxalq konfrans keçirilir. Konfrans hər il mayın 25-də qeyd olunana Afrika gününə həsr olunub. Konfransın məqsədi Afrika və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan siyasətçi və ekspertləri bir araya gətirərək Afrikanın güclənməsi və qlobal geosiyasi şəraitdə multilateralizmin təbliğinə dair strategiyaları müzakirə etməkdir.

Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edirlər.