Son dəqiqə

Yaponiya

Yaponiyada dövlət gənclərin evlənməsinə kömək edir

Bakı,TurkicWorld

Demoqrafik böhranı ilə mübarizə aparan Yaponiyada dövlət gənclərin evlənməsinə kömək etmək üçün məsləhət xidmətləri göstərir.

TurkicWorld xəbər verir ki, Yaponiyanın Uşaq və Ailə Agentliyi gənclərə tanışlıq və həyat yoldaşı tapmaqda dəstək olmaq üçün ilk işçi qrupunun iclasını keçirib.

Görüşdə iştirak edənlər arasında Uşaq və ailə siyasətinə cavabdeh olan dövlət naziri Ayuko Kato, ailə münasibətləri üzrə ekspertlər və gələcəkdə evlənməyi düşünənlər olub.

“Evliliyin və uşaq tərbiyəsinin əsas təməli fərdlərin fərqli dəyərlərinə və düşüncə tərzinə hörmət olmalıdır”,- deyə nazir bildirib.

Yaponiyada bir çox gənc böyük şəhərlərdə yaşamağın baha olması, yaxşı iş tapa bilməməsi və qadınların uşaq sahibi olduqdan sonra tam ştatlı işə qayıtmasını çətinləşdirən iş qaydalarına görə ailə qurmaq istəmir.

Qeyd edək ki, Yaponiyada ciddi demoqrafik böhran yaşanır. Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutunun məlumatlarına görə, 2023-cü ildə nikahların sayı 1930-cu illərdən bəri ilk dəfə 500 mindən aşağı düşüb. Daxili İşlər və Rabitə Nazirliyinin aprel ayında açıqladığı məlumatlara görə, son 13 ildə ölkə əhalisinin sayı azalıb. 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaşlı əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

Mövzuya görə xəbərlər