Bayden orduya Qəzzada yardım limanı yaratmaq təlimatı verib

Bayden orduya Qəzzada yardım limanı yaratmaq təlimatı verib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden orduya Qəzzada yardım limanı yaratmaq təlimatı verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Co Bayden Qəzzada ən az altı həftə davam edəcək humanitar yardım üçün çalışdıqlarını da qeyd edib.

"Qəzzada 30 mindən çox fələstinli öldürülüb, onların əksəriyyəti HƏMAS üzvü deyil. Öldürülənlərin əksəriyyəti minlərlə günahsız qadın və uşaqlardır. Ən azı altı həftə davam edəcək dərhal atəşkəs əldə etmək üçün çalışırıq. Bu, girovların öz evlərinə qayıtmasına imkan verəcək, dözülməz humanitar böhranı yüngülləşdirəcək və daha davamlı həllə doğru aparacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01