Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir

BAKI, TurkicWorld

Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd etdi.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Mövzuya görə xəbərlər