Bakı, TurkicWorld
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
TurkicWorld xəbər verir ki, fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.
Fərmanda qeyd edilir ki, Biznesin İnkişafı Fondunun nizamnamə fondunun məbləği 1 milyard 180 milyon 929 min 648 manat təşkil edəcək.
Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
Fond əmlakından yalnız Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" ölkə Prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrə yerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəst vəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlar alınmasına yönəltmək hüququna malikdir.
Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.
Dövlət başçısının təsdiq etdiyi fərmana əsasən Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası ilə buradan tanış ola bilərsiniz.