Orta Dəhliz regional geosiyasi strategiyaları müəyyən edən mühüm marşrutdur

Orta Dəhliz regional geosiyasi strategiyaları müəyyən edən mühüm marşrutdur

Bakı. TurkicWorld:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) geosiyasi balanslaşdırma üzrə regional strategiyaları müəyyən edir.

Bu barədə TurkicWorld-a "RANE Network"un Avrasiya üzrə eksperti Metyu Orr deyib.

"Orta Dəhliz Avrasiya regionunun bir çox dövləti üçün tranzit marşrutudur. Faktiki olaraq bu marşrut o qədər vacibdir ki, regiondakı böyük dövlətlərin bir çox ölkələr üzrə geosiyasi balanslaşdırma strategiyaları (çoxvektorlu xarici siyasət) onun fəaliyyətinə əsaslanır", - deyə o vurğulayıb.

Orrun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bu marşrutdan istifadə etməsə dünya okeanından mühüm dərəcədə təcrid olunmuş olacaq, çünki Rusiya və İrana qarşı sərt sanksiyaların tətbiq olunduğu yollar cəlbedici deyil, Əfqanıstan olduqca qeyri-stabil vəziyyətdədir, Çinin etibarlılığı isə Qərblə artan gərginliyin fonunda getdikcə daha şübhəli hal alır.

"Bu marşrut region ölkələrini "xilasedici həlqə" ilə təmin edir, eləcə də Çindən gələn yüklərin Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya çıxışına imkan yaradır. Marşrutun daha da genişləndirilməsi onun uzunmüddətli həyat qabiliyyəti üçün həlledici əhəmiyyət daşıyır", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.