Türkiyədə zəlzələ rayonlarına uçuşların qiyməti 100 lirəyə endirildi

Türkiyədə zəlzələ rayonlarına uçuşların qiyməti 100 lirəyə endirildi

Bakı. TurkicWorld:

Türkiyə Hava Yolları (THY) uçuşların qiymətini 100 lirəyə endirdi.

TurkicWorld-in məlumatına görə, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.

O qeyd edib ki, humanitar yardım materiallarının və axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə çatması üçün AFAD-ın koordinasiyasında əməliyyatlar davam etdirilir.

"THY 9-u yük təyyarəsi olmaqla 47 uçuş həyata keçirib. Bu çərçivədə, gedən humanitar yardım təyyarələrimizin geri dönüş reyslərini vətəndaşlarımızın istifadəsinə açırıq. Həm bu uçuşları, həm də Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbula bütün uçuşlarımızı 13 fevrala qədər vergilər daxil olmaqla 100 TL-yə təyin edirik", - deyə əlavə edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.