Bakı, TurkicWorld
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
TurkicWorld xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.
"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir", - deyə nazirliyin məlumatında bildirilir.
Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova bildirib ki, qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.
"Aktauda baş verən təyyarə qəzasında ən azı altı nəfər sağ qalıb. Sağ qalan şəxslərin vəziyyəti son dərəcə ağırdır".
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerə çatıblar. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində respublika operativ qərargahı yaradılıb.
AZAL-dan TurkicWorld-ə bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".
Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara görə, Aktauda baş verən təyyarə qəzasında 25 nəfər sağ qalıb.
"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb. Ümumilikdə qəza yerində 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.
Xəbər yenilənəcək