Son dəqiqə

Azərbaycan Bolqarıstan Rumıniya Macarıstan təbii qaz

"Həmrəylik halqası" digər ölkələr üçün də açıqdır

Bakı. TurkicWorld:

Azərbaycandan Avropaya əlavə qaz tədarükünü nəzərdə tutan "Həmrəylik halqası" təşəbbüsü digər ölkələr üçün də açıqdır.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bu barədə Bolqarıstanın "Bulgartransgaz" şirkətinin direktoru Vladimir Malinov Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib.

"Bir neçə gün öncə Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında Azərbaycandan Avropaya təhlükəsiz marşrutla əlavə həcmdə qaz tədarükünə yönələn STRING təşəbbüsünə dair memorandum imzalanıb. Təşəbbüs digər ölkələr üçün də açıqdır", - o deyib.

Malinov qeyd edib ki, məsələn yeni maye təbii qaz terminalları layihələrinin hazırlandığı ölkə olaraq Yunanıstanın bu təşəbbüsə qoşulması DESFA qaz nəqli operatorunun infrastrukturu sayəsində region ölkələri üçün əlavə qaz həcmlərini və diversifikasiyanı təmin edə bilər.

Xatırladaq ki, aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Mövzuya görə xəbərlər