Bakı. TurkicWorld:
2025-ci ildə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.6 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 27.4% azalaraq 2.0 milyard dollar təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.8 milyard dollar olub:"Bunun 62.8%-ini 4.9 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.4 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3.0 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən
faizlər (249.6 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (478.9 milyon dollar) və digər ödənişlər (736.8 milyon dollar) təşkil edi".
"Digər ödənişlərin böyük hissəsi (445.1 milyon dollar) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirləri ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar
maddəsində nəzərə alınıb", - əlavə edilib.




