Son dəqiqə

COP29

İsveç 2045-ci ilə qədər iqlim neytrallığına nail olmağı öhdəsinə götürür – Nazir

Bakı, TurkicWorld

İsveç 2045-ci ilə qədər iqlim neytrallığına nail olmağı və bundan sonra mənfi emissiyalara çatmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bunu İsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari COP29 çərçivəsində Bakıda keçirilən sammitdə çıxışı zamanı bildirib.

"Bizim strategiyamız innovasiyaların və biznes sektorunun potensialından istifadə üzərində qurulub", — deyə R.Purmoxtari qeyd edib.

O, İsveçin bərpa olunan enerji mənbələri, nüvə enerjisi, ekoloji təmiz polad və dayanıqlı maliyyə sahələrində nailiyyətlərini vurğulayıb.

"Iqlim dəyişikliyi bizim mövcudluğumuza təhlükə yaradır", — deyə o vurğulayıb.

"Mən qarşınızda təkcə çağırışlarla deyil, həm də ümid və unikal imkanlarla dayanmışam", - nazir dərhal tədbirlərin görülməsinə çağırıb.

R.Purmoxtari İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) danılmaz elmi sübutlarına və xəbərdarlıqlarına diqqət çəkərək, "yaşıl" iqtisadiyyata keçidin açdığı tərəqqi və rifah potensialını da qeyd edib.

İsveç COP28-də Dubayda əldə olunan tarixi razılaşmanı yüksək qiymətləndirib və bunu "qalıq yanacaqlardan azad gələcəyə doğru dönüş nöqtəsi" adlandırıb.

Nazir beynəlxalq ictimaiyyəti COP29-da bu irəliləyişi dəstəkləməyə çağırıb.

"Bərpa olunan enerji bu prosesi liderlik edəcək və nüvə enerjisi 2050-ci ilə qədər qlobal sıfır emissiya səviyyəsinə nail olmaqda əsas rol oynayacaq", — deyə o vurğulayıb və nüvə enerji güclərinin üç dəfə artırılmasının 1,5°C hədəfini qorumağa kömək edəcəyini əlavə edib.

R.Purmoxtari bütün ölkələri COP30 öncəsi yeni və iddialı milli töhfələr (NDC) təqdim etməyə çağırıb.

"Biz bütün iqtisadi sektorları, bütün istixana qazlarını əhatə edən və 1,5°C hədəfinə tam uyğun olan öhdəlikləri təmin etməliyik", — deyə o qeyd edib.

O, İsveçin bu məqsədlərin işlənib hazırlanmasında və həyata keçirilməsində etibarlı tərəfdaş olaraq dəstək verəcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər