Bakı, TurkicWorld
"Avrasiya, Asiya və Qafqazda İkiillik Şəffaflıq Hesabatları"nın hazırlanması üzrə ən yaxşı təcrübələr mövzusunda tədbir keçirilib.
TurkicWorld xəbər verir ki, COP29 çərçivəsində "Avrasiya, Asiya və Qafqazda İkiillik Şəffaflıq Hesabatları"nın (BTR) hazırlanması üzrə ən yaxşı təcrübələr mövzusunda keçirilən tədbirin məqsədi iştirakçıların müvafiq sahədə biliklərini artırmaq, etimad mühitinin yaradılmasına nail olmaqla iştirakçı ölkələri 31 dekabr 2024-cü il tarixinədək ilk BTR hesabatlarını tamamlamağa təşviq etməkdir.
Tədbirdə BTR hesabatlarını yekunlaşdıraraq UNFCCC Katibliyinə təqdim etmiş ölkələrin nümayəndələri tərəfindən ən yaxşı təcrübələr, uğur hekayələri haqqında təqdimatlar dinlənilib, texniki çətinliklərin həlli, praktik yollar və mümkün çeviklik barədə sual-cavab sessiyası təşkil olunub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.