Son dəqiqə

COP29

Azərbaycan və Çin şirkətləri arasında "yaşıl avtomobil" sahəsində saziş imzalandı

Bakı, TurkicWorld

Bu gün COP29 çərçivəsində "NIO" Çin şirkəti tərəfindən elektrik avtomobillərin gələcəyi mövzusunda təqdimat tədbiri təşkil olunub.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Çin Xalq Respublikasının ekologiya və ətraf mühit nazirinin müavini Çjao Yinmin, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova, yerli və xarici media mənsubları, eləcə də, maraqlı tərəflər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elnur Soltanov dünyanın ənənəvi telefonlardan ağıllı telefonlara keçid edildiyi kimi, tədricən qalıq yanacağı ilə işləyən avtomobillərdən də elektrik avtomobillərinə keçid ediləcəyini bildirib.

Çinli nazir müavini COP29-un uğurla başa vurulmasına dair arzularını çatdırıb.

O, Çinin iqlim dəyişmələri sahəsində aktiv addımlar atdığını, qlobal miqyasda istifadə üçün elektriklə işləyən avtomobillərin istehsalı sahəsində aktiv işlədiyini qeyd edib: "Çin ötən il 10 milyondan çox elektrik avtomobili istehsal edərək, dünyada bu sahədə liderliyini təmin edib".

Daha sonra Azərbaycan tərəfindən "GreenCar" və Çin tərəfindən NIO şirkəti arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər