Azərbaycan Rusiya

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan birlikdə Xəzər dənizinin çirklənməsi məsələlərini həll edirlər - Rusiya Baş prokuroru

Bakı, TurkicWorld

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan birlikdə Xəzər dənizinin çirklənməsi məsələlərini həll edirlər.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Baş prokuroru İqor Krasnov COP29 çərçivəsində Bakıda keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbərliyi" adlı yüksək səviyyəli sessiyada bildirib.

"Biz Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla birlikdə Xəzər dənizinin quruması və çirklənməsi məsələlərini, eləcə də, bu sahədə cinayətkarlıqla mübarizəni həll edirik", - deyə o qeyd edib.

Baş prokuror vurğulayıb ki, oxşar transsərhəd ətraf mühitin mühafizəsi proqramları Rusiya tərəfindən Çin və Monqolustan prokurorluqları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

"Rusiyada təbii ehtiyatların səmərəli istifadəsi ilə yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma və antropogen təsirin azaldılması istiqamətində tədbirlər görülür", - İ.Krasnov bildirib.

O əlavə edib ki, Rusiya Prokurorluğu tərəfindən hər il ekoloji qanunvericiliyin 300 minə qədər pozuntusunun qarşısı alınır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər