Bakı, TurkicWorld
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanı aşağı karbonlu iqtisadiyyata keçiddə dəstəkləməyə hazırdır.
Bu barədə TurkicWorld -ə özəl müsahibəsində IFC-nin Avropa üzrə regional direktoru İnes Roça deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi xüsusən iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə dövrümüzün ən böyük təhdididir.
"Təəssüf ki, ekstremal hava hadisələri tezləşəcək. Azərbaycanda daşqınlar artıq hər il 100 min insana ziyan vurur, quraqlıq və su çatışmazlığı isə daimi təhlükədir. Azərbaycanın COP29-a ev sahibliyi edən tərəf kimi rolu onun iqlim gündəliyinə möhkəm sadiqliyindən xəbər verir. Ölkənin gözdən keçirilmiş milli səviyyədə müəyyən edilən töhfəsi 1990-cı ildəki səviyyə ilə müqayisədə 2050-ci ilə qədər emissiyaları 40 faiz azaltmaq öhdəliyi yaradır", - Roça deyib.
IFC-nin regional direktorunun fikrincə, sürətləndirilmiş dekarbonizasiya dünya iqtisadiyyatında rəqabət qabiliyyətini qoruyub saxlamaq və dayanıqlı gələcəyi təmin etmək üçün həlledici əhəmiyyət kəsb edəcək.
"Dünya Bankının Azərbaycan üzrə iqlim və inkişaf hesabatında 2060-cı ilə qədər bu məqsədə nail olmaq üçün 44 milyard dollar investisiya tələb olunduğu, üstəlik, bunun mühüm hissəsi kommersiya və özəl maliyyələşdirmədən daxil olacaq. Ölkə qazıntı yanacağından imtina, dayanıqlılıq üzrə tədbirlərə investisiyalar və aşağı karbonlu iqtisadiyyata keçid üçün zəruri siyasi islahatların icrası məqsədilə öz iqtisadiyyatının diversifikasiyasından qazanacaq. Biz IFC olaraq ölkəni bu yolda dəstəkləməyə hazırıq", - deyə o əlavə edib.
Roça qeyd edib ki, IFC Azərbaycana özəl sektoru "yaşıl" iqtisadiyyata cəlb etməkdə köməklik göstərir.
"Bərpa olunan enerji bizim üçün əsas istiqamətdir. Dünya Bankının "Energetika sektorunun idarə edilməsinə yardım proqramı"nın (ESMAP) təhlilinə əsasən, Azərbaycanda dənizdə külək potensialı hazırda 8 qiqavatta yaxın ümumi quraşdırılmış güclə müqayisədə 157 qiqavatt olaraq qiymətləndirilir.
Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc edilmiş Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinə əsasən, Azərbaycan 2040-cı ilə qədər dənizdə 7 qiqavat gücündə külək enerjisi istehsal edən obyektlər quraşdırmaq potensialına malikdir. Bu külək enerjisindən istifadə 69 min ildən çox tam məşğulluq və 7 milyard dollara qədər yerli ümumi əlavə dəyər yaratmağa kömək edəcək", - o deyib.
Roça bildirib ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkənin quruda külək və günəş enerjisi üçün iqtisadi cəhətdən həyat qabiliyyətli potensialını 27 qiqavatt olaraq qiymətləndirir.
"Hökumətin elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını hazırkı 7 faiz səviyyəsindən 2030-cu ilədək 30 faizə çatdırmaq hədəfinə nail olmaq tempin dəyişməsini tələb edəcək. IFC Azərbaycanla onun bərpa olunan enerji, o cümlədən günəş, quruda və dənizdə külək enerjisi potensialını inkişaf etdirmək üçün işləməyə hazırdır. Dünya Bankı ilə birlikdə inkişafa təkan vermək və özəl investorları cəlb etməyə yardım etmək üçün dənizdə külək enerjisi üzrə yol xəritəsinin icrası üzərində hökumətlə çalışırıq", - deyə IFC-nin regional direktoru əlavə edib.
Roça, həmçinin, Azərbaycanda "yaşıl" tikintidən bəhs edib.
"Dəstəklədiyimiz yeni sahələrdən biri də "yaşıl" tikintidir. Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən "AlatBay" Logistik Mərkəzi layihələndirmə, tikinti və IFC tərəfindən tətbiq olunan innovativ "yaşıl" tikinti sertifikatlaşdırma sistemi olan "EDGE" audit mərhələlərini uğurla başa vuraraq, "EDGE Advanced" sertifikatını alıb. Bu səylər çərçivəsində şirkət enerji istehlakını 40 faizdən çox, su istehlakını isə 25 faizdən çox azaldıb", - o deyib.
Su təsərrüfatı sahəsində əməkdaşlıq
Onun sözlərinə görə, IFC Azərbaycana su sektorunun dayanıqlılığının gücləndirilməsi üçün kompleks strategiyanın hazırlanmasında dəstək göstərə bilər.
"Azərbaycanda su ehtiyatlarının çatışmazlığının artacağı proqnozlaşdırılır. Ölkəyə su axınının 50-70 faizi həmçinin suya artan tələbatla üzləşən və su ehtiyatlarının azalacağı proqnozlaşdırılan qonşu dövlətlərdən daxil olur. Bu transsərhəd su mənbələrindən yüksək asılılıq suyun əlçatanlığının azalması və quraqlıqlarln güclənməsi, şoranlaşma və suyun çirklənməsi ilə birlikdə su təhlükəsizliyi üçün mühüm risk yaradır. IFC sektorun dayanıqlılığını möhkəmləndirmək üçün kompleks strategiyanın hazırlanmasında Azərbaycana dəstək ola bilər", - o deyib.
Roçanın sözlərinə görə, IFC-nin üzərində işlədiyi daha bir istiqamət qadınların, xüsusən iqlim məsələlərində dəstəklənməsidir.
"Qadınlar və qadın icmaları qlobal iqlim hədəflərinin ən böyük sürətləndiriciləri ola bilər. Dekarbonizasiya və iqlim dəyişikliyinə adaptasiya onların liderlər, əməkdaşlar, sahibkarlar və iqlim dialoqu, siyasətin hazırlanması və maliyyədə maraqlı tərəflər qismində fəal iştirakı olmadan mümkün deyil. Gender baxımından inklüziv iqlim investisiyalarının həyata keçirilməsi də həlledici əhəmiyyət kəsb edir, belə ki, qadınlar iqlim dəyişikliyindən qeyri-mütənasib şəkildə əziyyət çəkir və iqlimlə bağlı yeni imkanlardan daha az faydalanırlar. Bu istiqamətdə Azərbaycanı dəstəkləməyin yollarını araşdırırıq", - deyə IFC-nin regional direktoru əlavə edib.
Mikro, kiçik və orta sahibkarlığa dəstək
Roça vurğulayıb ki, IFC Azərbaycanda kiçik biznesin inklüzivliyinin stimullaşdırılması üzrə fəaliyyəti sürətləndirməyə çalışır.
"Xüsusilə kiçik biznes və qadın sahibkarlar üçün inklüzivliyi artırmaq məqsədilə ötən il çoxdankı müştərimiz Bank Respublika üçün 40 milyon ABŞ dolları ayırdıq və hazırda bu işi necə sürətləndirə biləcəyimizi araşdırırıq. IFC Azərbaycanda maliyyə institutları üçün tədbirlər və seminarlar vasitəsilə kənd təsərrüfatını aparmağın dayanıqlı metodlarını təşviq edir. Həmçinin, iqlim baxımından optimallaşdırılmış kənd təsərrüfatına yönəlmiş maliyyə məhsullarının tətbiqində bu müəssisələri dəstəkləyirik. Bu məhsullar dayanıqlı kənd təsərrüfatına imkan yaradan texnologiya və metodların tətbiqini maliyyələşdirməyə kömək edir və fermerləri adaptasiya və iqlim dəyişmələrinin nəticələri ilə mübarizə üçün lazımi vasitə və biliklərlə təmin edir ki, bu da sektorun dayanıqlığını artırmağa kömək edir", - o deyib.
Roça qeyd edib ki, IFC Azərbaycanda mövcud tərəfdaş bank institutlarına investisiyalar vasitəsilə mikro, kiçik və orta biznesi (MKOB) dəstəkləyir, həmçinin, mövcud və yeni tərəfdaşlar vasitəsilə bunu davam etdirməyi planlaşdırır.
"Buraya bu yaxınlarda MKOB üçün təsdiq edilmiş Maliyyə Platforması, prioritet sahələrə investisiyaya yönəlmiş 4 milyard dollara qədər ekvivalentdə qlobal maliyyələşdirmə paketi daxildir. Buraya MKOB-un maliyyələşdirilməsi üçün əsas mövcud olan vasitələrin eyni zamanda konsolidasiyası ilə IFC-nin şəxsi və donor resurslarının cəlbinə yönəlmiş səfərbərlik komponenti daxildir.
Azərbaycanda, həmçinin, yeni bank və qeyri-bank maliyyə tərəfdaşları vasitəsilə əhatə dairəmizin genişləndirilməsi üzərində çalışırıq. IFC gəlirləri MKOB borcalanlarına yönləndirəcək maliyyə institutlarını maliyyələşdirəcək. Eyni zamanda, IFC lazım olduqca özünün müştəri maliyyə müəssisələrini dəstəkləməyə davam etməklə, potensialın artırılmasına yardım etmək üçün konsultasiya xidmətləri göstərəcək, eləcə də, MKOB arasından öz müştəriləri üçün məlumatlılığın artırılması üzrə tədbirlər həyata keçirəcək", - deyə o əlavə edib.
Dövlət-özəl tərəfdaşlıq potensialının artırılması
Roça qeyd edib ki, IFC dövlət-özəl tərəfdaşlıq (PPP) potensialının artırılmasına kömək etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırdır.
"PPP infrastruktur və səhiyyə kimi mühüm sektorları dəstəkləmək üçün özəl sektorun kapitalından və "nou-hau" biliklərindən istifadənin açarıdır. Bu, hökumətlə daha çox işləməyə hazır olduğumuz sahədir. Rəqəmsal infrastruktur, xüsusən elektromobillik, xüsusilə COP29 ərəfəsində diqqətin yönəldiyi yeni sahələrdir.
Hazırda ümumi enerji istehlakının 22,6 faizi nəqliyyat sektorunun payına düşür. Bu göstəricini şəxsi mənbələrdən maliyyələşdirilən elektromobillər üçün şarj infrastrukturunun istifadəyə verilməsini sürətləndirəcək və misal üçün, ölkənin avtobus parkının yenilənməsi hesbına şəhər nəqliyyatının imkanlarını genişləndirəcək investisiyalar hesabına azaltmaq mümkündür. Bu proses artıq başlayıb", - deyə o əlavə edib.
Roça qeyd edib ki, IFC hökumətin elektriklə işləyən avtomobillərlə əlaqədar vergi güzəştlərini alqışlayır.
"Yanacaq səmərəliliyi standartlarının yüksəldilməsi, köhnə nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün stimulların yaradılması və yük daşımalarının səmərəliliyinin artırılması kimi digər tədbirlər də vacibdir. Hökumət hazırda zəruri normativ, siyasəi və institusional çərçivələr hazırlayır, IFC isə özəl sektor həllərinin tətbiq oluna biləcəyi bütün dəyər zənciri boyunca həm konsultasiya, həm də investisiya dəstəyi göstərməyi öhdəsinə götürür. Həmçinin, Azərbaycanın əczaçılıq, nəqliyyat və logistika, eləcə də, digər istehsal sahələrinə daha çox özəl investisiyalar cəlb etməklə bağlı hazırki səylərini dəstəkləməkdə tam qətiyyətliyik.
Sonuncu və heç də az əhəmiyyət daşımayan onların təklif etdiyi rəqəmsal maliyyə xidmətləri və innovativ həllərdir. IFC-nin konsultasiya dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı şirkətlərə tənzimləyici orqanların nəzarəti altında şirkətlərin məhdud mühitdə yeni məhsul və modelləri sınaqdan keçirməsinə imkan verməklə buna imkan verəcək normativ "sandbox" rejimini (innovasiya layihələri üçün xüsusi eksperimental hüquqi rejim) işə salır. Bu, eyni zamanda, innovasiyaları, həmçinin istehlakçı və investorların etimadını təşviq etməklə istənilən riskləri minimuma endirməyə kömək edəcək", - deyə IFC-nin regional direktoru əlavə edib.
Roça qeyd edib ki, PPP vasitəsilə özəl sektorun kapitalını və təcrübəsini cəlb etmək dövlət xəzinəsindən maliyyələşdirməni azad etmək açmaq üçün çox vacibdir.
"Ölkə artıq bu istiqamətdə müsbət addımlar atıb. 2022-ci ilin dekabrında PPP haqqında yeni qanunun qəbulu PPP-nin təşviqi üçün hüquqi və təşkilati bazanın yenidən strukturlaşdırılması yolunda mühüm addım oldu, bununla yanaşı, İqtisadiyyat Nazirliyi milli PPP siyasətinin işlənib hazırlanmasında mühüm rol oynadı.
2023-cü ilin əvvəlində İqtisadiyyat Nazirliyində PPP şöbəsinin yaradılması potensial PPP layihələrinin aşkarlanması və lazımi metodologiyaların işlənib hazırlanması üçün daha bir çoxdan gözlənilən strateji addım oldu. Bu, infrastrukturun inkişafı üçün PPP-lərdən istifadəyə artan marağı vurğulayır. IFC Azərbaycanda potensial layihələrin müzakirəsi ilə məşğuldur və dövlət infrastrukturuna və sosial xidmətlərə özəl investisiyaları təşviq etmək məqsədilə bəzi məsələləri, o cümlədən, PPP potensialının artırılmasını həll etmək üçün hökumətlə işləməyə hazırıq", - o deyib.
Roça bildirib ki, IFC bugünədək Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəni maliyyələşdirməklə, eləcə də, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta biznes və aqrobiznes üzrə konsultasiya xidməti göstərməklə, 850 milyon dollardan çox investisiya qoyub.
"Əsas məqamlara İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfdaşlığı ilə şirkətlərin qeyri-neft iqtisadiyyatına investisiya qoymasını asanlaşdırmaqla diversifikasiyanın təşviqi üzrə fəaliyyətimiz daxildir. Bu, o cümlədən, qeydiyyat, yoxlama, lisenziyalaşdırma və icazə sistemlərində fundamental biznes islahatlarına imkan yaradıb. Bundan başqa, üç qanunu strateji tövsiyələrlə dəstəkləmişik.
Turizm haqqında qanun özəl sektor üçün vaxtı və xərcləri azaltmağa kömək etmək məqsədi daşıyır. Qida məhsullarının təhlükəsizliyi haqqında qanun qida zəncirinin keyfiyyətinə nəzarətin yeni üsullarını tətbiq etdi və qida məhsullarının təhlükəsizliyinin milli idarəetməsini müasirləşdirdi. İnvestisiya fəaliyyəti haqqında qanun isə daha çox investisiya cəlb etməyə yardım etmək üçün investisiyaların qorunmasına zəmanət verir", - o deyib.
Roça qeyd edib ki, Azərbaycanda qeyri-neft artımını stimullaşdırmaq və kənd yerlərində iş yerlərini dəstəkləmək üçün kənd təsərrüfatının yüksək potensialını nəzərə alaraq, IFC sektoru möhkəmləndirmək və kiçik fermerləri qlobal istehsal-satış zəncirlərinə cəlb etmək məqsədilə məhsul yığımı (mövsümqabağı) və anbar (mövsümsonrası) qəbzləri kimi innovativ maliyyələşdirmə vasitələrinin tətbiqi üzərində hökumətlə birgə çalışır.
"Kiçik fermerlər çox vaxt kredit əldə etməkdə çətinlik çəkirlər, çünki onların daşınmaz əmlak girovu yoxdur ki, bu da bankların tələbidir. Məhsul qəbzləri fermerlərin toxum və gübrələr satın almaq üçün dövriyyə kapitalının maliyyələşdirilməsini əldə etmək üçün girov kimi gələcək məhsullardan istifadə etməyə imkan verən səmərəli həll yolu ola bilər.
Eyni zamanda, anbar qəbzləri fermerlərin anbarlarda saxlanılan məhsullardan girov kimi istifadə etməklə maliyyələşdirməyə çıxış əldə etməsinə imkan verir. SECO-nun tərəfdaşlığı ilə, həmçinin, ayrı-ayrı dəyər zəncirlərinin (çiyələk və fındıq) ixrac bazarlarında rəqabət qabiliyyətini artırmasına kömək etməklə, dəyər zəncirini maliyyələşdirmə məhsullarını bazara çıxarmaqda yerli maliyyə institutlarına dəstək göstərmişik", - IFC-nin regional direktoru deyib.
Roça qeyd edib ki, IFC SECO ilə birlikdə, həmçinin, ölkənin maliyyə infrastrukturunun yaxşılaşdırılması və kiçik biznesin maliyyələşdirməyə çıxışının genişləndirilməsinə yönəlmiş bir sıra islahatları dəstəkləyib.
"Bunlara 2018-ci ildə ilk özəl kredit bürosunun yaradılması ilə nəticələnən kredit bürosu haqqında müasir qanun və adətən aktivləri çatışmayan kiçik biznesin girov qismində özünün daşınan əmlakından - əmtəə-material ehtiyatları, debitor borclarından və avadanlıqlarından istifadə etməsinə imkan verən təminatlı sövdələşmələr haqqında qanun daxildir. Maliyyə sektorunun daha da möhkəmləndirilməsi üçün IFC aktivlər əsasında ABF məhsullarının tənzimlənməsini nizamlayan hüquqi bazanın möhkəmləndirilməsinə yönəlmiş maliyyələşdirmə layihəsini işə salıb.
Gələcəyə baxdıqda özəl sektorun qəbul etdiyi qərarlarının əsas olduğunu hesab edirik, həmçinin, dayanıqlı və inklüziv keçidi təmin etmək və iş yerləri açmaq üçün özəl sektorun potensialının kəşf olunmasına kömək göstərməyə çalışırıq", - o deyib.