Bakı. TurkicWorld :
Genişləndirilmiş istehsalçı məsuliyyətinə (EPR) dair beynəlxalq strategiyanın reallaşdırılmasının problem və perspektivləri noyabrda Bakıda COP29-da müzakirə olunacaq.
TurkicWorld xəbər verir ki, bu barədə "Coca-Cola" şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.
O qeyd edib ki, strategiya məhsulun bütün həyat dövrü ərzində buraxılışı ilə bağlı bütün ekoloji xərcləri həmin məhsulun bazar qiymətinə əlavə etməkdən ibarətdir.
Onun sözlərinə görə, strategiya tullantıların idarə edilməsi sahəsində tətbiq olunur və istehsalçıların artıq məhsulun layihələndirilməsi mərhələsində yüksək ekoloji standartları nəzərə alması ilə nəticələnir.
"Azərbaycandakı şirkətlər bu strategiyanın həyata keçirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan "yaşıl" iqtisadiyyat yaratmaqla üzərinə yeni ekoloji öhdəliklər götürdüyüdən və buna davam edəcəyindən, bu planda fəallıq artacaq", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Digər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.