Bakı. TurkicWorld:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Aşqabad şəhərində keçirilən beynəlxalq sərgi-konfransda iştirak edib.
Dövlət Xidmətindən TurkicWorld -ə bildirilib ki, cari ilin 9-10 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, "ağıllı şəhər" texnologiyaları və innovasiyalara həsr olunmuş "TürkmenTEL-2023" adlı beynəlxalq sərgi-konfrans keçirilib. İnformasiya-kommunikasiya texnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorların da qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları və əməkdaşlığın təşviq edildiyi tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Tədbirdə Xidmətin rəis müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi, eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi "Türkmenaraqatnaşık" arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peyk rabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən son nailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktiv panel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yer ayrılıb.