Azərbaycanla Misir arasında əmtəə dövriyyəsi artıb - Rəşad Nəbiyev

Azərbaycanla Misir arasında əmtəə dövriyyəsi artıb - Rəşad Nəbiyev

Bakı. TurkicWorld:

2023-cü ilin birinci yarısında Azərbaycanla Misir arasında əmtəə dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artıb.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin müstəqillik gününə həsr olunmuş tədbirdə deyib.

O həmçinin bildirib ki, Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi müzakirə olunacaq.

Onun sözlərinə görə, gündəliyə həmçinin kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika və səhiyyə sahələrində əməkdaşlıq məsələləri daxil ediləcək.

"Ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensialı daha da araşdırmağa davam edəcəyik", - nazir deyib.

Bununla yanaşı, Rəşad Nəbiyev Azərbaycanın Misir şirkətləri ilə Azərbaycan bazarına çıxış imkanları barədə danışıqlar aparmağa davam etdiyini deyib.

"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olundu. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı möhkəmləndirir", - nazir deyib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci ildə qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)