Bakı, TurkicWorld
“Çağdaş” nəşriyyatı tərəfindən “Peyğəmbərimizin Həyatı” adlı yeni kitab çap edilib.
TurkicWorld xəbər verir ki, nəşriyyat tərəfindən İslam dünyasının tanınan alimlərindən biri olan hindistanlı Səfiyyürrəhman Mübarəkfurinin qələmə aldığı “Peyğəmbərimizin Həyatı” adlı kitab çap edilərək oxuyuculara təqdim olunub.
Əsər “Sirəti-Nəbi” səhəsində yazılmış, Mübarəkfurinin 1976-cı ildə ərəb dilində qələmə aldığı “Ər-Rahiqul-Məxtum” adlı kitabının tərcüməsidir. Müəllif Qurani-Kərimdə Mutaffifin surəsinin 25-ci ayəsindən təsirlənərək 551 səhifəlik əsərinə bu adı vermişdir. Onu da qeyd edək ki, 1979-cu ildə Məkkədə keçirilən “Məhəmmədin bioqrafiyası” üzrə ümumdünya müsabiqəsində Müsəlman Dünya Liqası tərəfindən birincilik mükafatına layiq görülüb.
Müəllif bir çox siyər kitabından fərqli olaraq peyğəmbərin “təbliğ və dəvət” yönünə daha çox yer vermiş, xüsusilə “Hədis” və “Təfsir”lə əlaqəli mövzularda ətraflı məlumat qeyd etmişdir.
Qeyd edək ki, İslam alimlərinə görə “Sirəti-Nəbi” Qurani-Kərimdən sonra ikinci əsas mənbə kimi qəbul edilən sünnənin mühüm bir hissəsidir. Həmçinin İslamın daha yaxşı başa düşülməsi və peyğəmbərin həyatını ən incə detallarına qədər öyrənmək üçün son dərəcə vacib bir elm sahəsidir.
Onu da əlavə edək ki, “Çağdaş” nəşriyyatı bir ilə yaxındır ki, fəaliyyət göstərir. Bu vaxta qədər fərqli mövzularda ümumilikdə altı kitab nəşriyyat tərəfindən çap edilib. Nəşriyyatın əsas hədəfi cəmiyyətin ehtiyaclarına uyğun, gənclərə doğru yol göstərəcək, milli-mənəvi dəyərələrimizin düzgün təbliğində istifadə oluna biləcək və eyni zamanda ölkəmizin elmi ədəbiyyatına töhvə verə biləcək yeni, orjinal kitablar çap etməkdir.
“Çağdaş” nəşriyyatının yeni çıxacaq kitabları haqqında məlumat əldə etmək üçün sosial media hesablarını izləyə bilərsiniz.