Tacikistanda “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa təşkil olunub

Tacikistanda “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı. TurkicWorld:

Dekabrın 25-də Tacikistan Prezidentinin İcra Aparatının “Tacikistanın Milli Kitabxanası” dövlət müəssisəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” adlı dəyirmi masa keçirilib.

TurkicWorld xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə bu ölkənin xarici işlər nazirinin müavini İmomi Sadiq, sabiq xarici işlər naziri Rəşid Olimov, Türkiyənin səfiri Umut Acar, Rusiyanın səfiri Semyon Qriqoryev, Qazaxıstanın səfiri Vəlixan Turexanov, Özbəkistanın səfiri Erqaş Şoismatov, Tacikistanın Xarici İşlər Nazirliyinin MDB ölkələri İdarəsinin rəisi Əhməd Səidmuradzodə və həmin idarənin əməkdaşları, Milli Kitabxananın direktorunun birinci müavini Salima Racabzodə və kitabxananın əməkdaşları, Tacikistanın ictimai xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Əlimirzamin Əskərov Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş film nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən səfir Ə.Əskərov Ulu Öndərin həyatı və zəngin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev ən çətin və dramatik bir zamanda suveren Azərbaycanı süqutdan xilas etməyə, gələcəyə, siyasi müstəqilliyə, etibarlı müdafiə qabiliyyətinə və iqtisadi tərəqqiyə strateji körpü qurmaq üçün hakimiyyətin bütün yükünü öz üzərinə götürərək onu tərəqqiyə doğru aparmağa nail olub.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğunu xatırladan səfir Azərbaycanın rəhbərliyinin 46 yaşlı Heydər Əliyevə həvalə edilən zaman nəhəng təbii sərvətlərinə baxmayaraq, ölkənin SSRİ-nin ən geridə qalmış respublikalarından biri olduğunu, İkinci Dünya müharibəsi boyu sovet ordusunun təyyarə və tanklarını yanacaqla təmin edən Azərbaycan xalqının səriştəsiz idarəçiliyin ucbatından çox ağır vəziyyətdə yaşadığını vurğulayıb. O, keçmiş sovet dövründə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycanın ümumi milli gəlirinin 2,5 dəfə artdığını, sənaye istehsalının həcminin isə əvvəlki əlli ilin həcminə çatdığını söyləyib. Bildirib ki, Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə 250-dən çox iri zavod, fabrik və sənaye obyekti tikilmiş, kənd təsərrüfatı məhsullarının həcmi 2,7 dəfə artmış, Azərbaycanın neft məhsulları, neft avadanlığı, polad istehsalında SSRİ-də lider mövqe tutmuş, respublikada istehsal olunan borular, sintetik kauçuk, elektrik cihazları, tikinti materialları, məişət kondisionerləri, avtomobil şinləri və mineral gübrələr, ümumilikdə 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Diplomat 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduğunu və bu vəzifədə çalışarkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdiyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin həm də müasir, yeni Azərbaycanın memarı və qurucusu olduğunu deyən Ə.Əskərov SSRİ-nin süqutundan sonra Azərbaycannın müstəqilliyinin sual altında olduğunu, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, vətəndaş müharibəsi ərəfəsində olan ölkənin Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, ərazisinin 20 faizinin işğal edildiyi zaman xalqın çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördüyünü bildirib. Qeyd edib ki, belə bir mürəkkəb şəraitdə - 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkənin inkişafının əsası qoyulub.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və onun rəşadətli Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğalı mövzusunun tarixin bir parçasına çevrildiyi bildirən diplomat millətin 44 günlük müharibədə şanlı Qələbəyə, 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasına aparan diplomatik strategiyanın banisi Heydər Əliyevin müdrikliyi qarşısında baş əyməli olduğunu vurğulayıb. O, Azərbaycan xalqı və ordusunun bu möhtəşəm Qələbəyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olduğunu qeyd edib.

Səfir hazırda Ümummilli Liderin siyasətini aydın və ardıcıl şəkildə davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin nadir siyasi və iqtisadi model yaratdığını bildirib, dinamik inkişaf edən Azərbaycanın bütün dünyanın gözü qarşısında güclü, nüfuzlu regional gücə çevrildiyini vurğulayıb.

Digər çıxış edənlər Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də keçmiş SSRİ dövlətlərinin və Türk dünyasının dahi dövlət xadimi, böyük tarixi şəxsiyyəti olduğunu diqqətə çatdırıblar.