Son dəqiqə

Yaşıl Enerji COP29

Optimal enerji keçidi Azərbaycanın regional və qlobal səviyyələrdə sektorda öz nüfuzunu qorumasına imkan verəcək

Bakı,

Optimal enerji keçidi Azərbaycanın regional və qlobal səviyyələrdə sektorda öz nüfuzunu qorumasın imkan verəcək.

Bu barədə TurkicWorld-ə özəl müsahibəsində "Boston Consulting Group" (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Patrik Herhold deyib.

Onun sözlərinə görə, Azərbaycan, misal üçün, günəş və külək enerjisindən istifadə hesabına bərpa olunan və "yaşıl" enerjinin inkişafı üçün mühüm potensiala malikdir. Enerji keçidinə savadlı yanaşma, müxtəlif enerji mənbələrindən istifadə zamanı optimal tarazlığın təmin edilməsi ilə ölkə enerji sektorunda həm regional, həm də qlobal səviyyədə öz nüfuzunu qoruyub saxlaya biləcək.

"Burada, Azərbaycanda bərpa olunan və "yaşıl" enerjinin inkişafı üçün böyük potensial var. Burada günəş batareyaları üçün bol günəş işığı, yetərincə güclü küləklər olur - bütünlükdə ekoloji cəhətdən təmiz enerji əldə etmək üçün bütün imkanlar var", - deyə o qeyd edib.

"Avropa üçün Azərbaycan daima enerji resurslarının etibarlı təchizatçısı olub. Bu gün geosiyasi gərginlik və enerji dəhlizləri sahəsində müşahidə olunan mühüm dəyişikliklər, eləcə də tələb və təklif balansı şəraitində Azərbaycan Avropanın zəruri enerji resursları ilə təmin edilməsində mühüm rol oynamağa davam edir. Avropa Azərbaycana təbii qaz hasilatını artırmaq xahişi ilə müraciət edib ki, bu da ölkənin qaz tədarükləri üzrə mühüm tərəfdaşı kimi mövqeyini gücləndirə bilər", - deyə Herhold qeyd edib.

O bildirib ki, ölkənin zəngin neft və qaz ehtiyatları, eləcə də bərpa olunan enerji istehsalı üçün resursların mövcudluğu Azərbaycanın enerji strategiyasında dönüş nöqtəsinə şərait yaradır. Bərpa olunan enerji mənbələrinə keçid ölkənin təbii qaz və aşağı karbonlu elektrik enerjisi ixracını artırmasına imkan verəcək.

"Azərbaycan artıq elektrik enerjisi istehsalını qismən qazla əvəz edərək, bərpa olunan enerji mənbələrinin istifadəsinə başlayıb ki, bu da onun daha çox qaz ixrac etməsinə imkan verir, bu isə özlüyündə yaxşı iqtisadi əsaslandırmadır. Gələcəkdə ölkə daha da çox elektrik enerjisi, aşağı karbonlu hidrogen və onun törəmələrini enerji dəhlizləri ilə qonşu ölkələrə və ola bilsin ki, hətta Avropaya ixrac edə biləcək. Bütün bunlar yerli enerji sisteminin şaxələndirilməsi və ekoloji cəhətdən təmiz olmasına öz töhfəsini verir", - deyə Herhold hesab edir.

İdarəedici direktor Azərbaycanın bir sıra bölgələrində təbii resursların bütün zənginliyindən istifadə etməklə, sıfırdan "yaşıl" iqtisadiyyat qurmaq üçün əla imkanların olduğunu bildirib.

"Azərbaycanda bərpa olunan enerji sahəsində maraqlı layihələr elan olunub və artıq reallaşdırılır. Fikrimcə, Azərbaycanın təkrarlanmaz və müstəsna xüsusiyyətlərindən biri bəzi regionlarının praktiki olaraq sıfırdan "yaşıl" iqtisadiyyat qurmaq üçün mühüm potensiala malik olmasıdır. Artıq mövcud sənaye istehsalının dekarbonizasiyası zərurəti ilə üzləşən bir çox başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın bu bölgələrində hələ inkişaf etmiş sənaye bazası yoxdur. Bu, təkcə "çirklini təmizləmək" haqqında deyil, həm də artıq formalaşmış şaxələnmiş sənaye bazası olmadıqda belə "yaşıl" iqtisadiyyatı necə qurmaq barədə düşünmək üçün çox cəlbedici və heyranedici fürsətdir. Bu, həm də ölkənin təbii sərvətlərinin zənginliyini nəzərə alsaq, onun özü üçün əla imkandır", - o deyib.

P.Herholdun sözlərinə görə, COP29 kimi qlobal iqlim konfransına ev sahibliyi etmək Azərbaycan üçün təkcə mühüm fürsət deyil, həm də öhdəlikdir, bu həm də ölkənin iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri və potensialını nümayiş etdirmək şansıdır.

"Məsələ burasındadır ki, Azərbaycan qarşıdakı illərdə öz öhdəliklərini yerinə yetirə biləcəkmi? Beləliklə, Azərbaycan qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamağa kömək edəcək fəaliyyət proqramı hazırlamağı öhdəsinə götürüb - bu, ölkəni dekarbonizasiyası üçün olduqca iddialı məqsəddir. Məsələ bu məqsədə çatmaq üçün Azərbaycandan hansı strategiya, plan, tədbir və addımların tələb olunacağındadır", - o deyib.

"Buna nail olmaq üçün enerji mənbələrinin strukturunda dəyişikliklər lazımdır. Nəticə etibarilə, Azərbaycan öz enerji portfelini yenidən gözdən keçirməli olacaq ki, bu həm dövlət tənzimlənməsi, həm də biznes layihələrinin maliyyələşdirilməsi sahəsində yeni yanaşma və tədbirlər tələb edəcək", - deyə o əlavə edib.

Herholdun sözlərinə görə, Azərbaycanda normativ-hüquqi baza nisbi sabitliyi ilə fərqlənir, lakin tamamlamalar tələb olunacaq. Bütün ölkələr daha təmiz enerji istehsalına keçid yolunda bununla üzləşirlər. Eyni zamanda, Azərbaycanın başlanğıc mövqeyi çox güclüdür.

Herholdun qeyd edib ki, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və emissiyaların sıfır balansına nail olma investisiyaların etibarlılığını və dayanıqlılığını təmin etmək üçün savadlı normativ-hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutur. Şirkətlər də öz üzərlərinə biznes riskləri götürməklə, həmçinin yeni strategiya və texnologiyalar qəbul etməklə öz töhfələrini verməlidir.

"Onlar müəyyən biznes risklərini öz üzərlərinə götürməli olacaqlar. Onlar yeni strategiyalar axtarmalı olacaqlar. Onlar yeni texnologiyalarə mənimsəməli, addım-addım özlərini ümid edək ki, nə zamansa tullantıların sıfır balansının əldə olunacağı bir dünyaya hazırlamalı olacaqlar", - deyə Herhold hesab edir.

Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi aşağı karbonlu texnologiyaların inkişafı üçün əsas amil olacaq.

"Şəxsən mən demək olar ki, daima deyirəm ki, söhbət maliyyələşdirmədən deyil, iqtisadi modellərin işləməsindən gedir. İndiyə qədər iqtisadiyyatın dekarbonizasiyası üçün ehtiyac duyduğumuz texnologiyaların yalnız yarısı inandırıcı iqtisadi əsaslandırmaya malikdir. Digər texnologiyaların da maliyyələşdirilməsini təmin etmək lazımdır. Günəş baterayaları və külək elektrik stansiyaları kimi bərpa olunan enerji mənbələri üçün, qismən də istilik nasosları üçün artıq işləyən biznes modelləri mövcuddur. Hələ ki bütün bölgələr və tətbiq sahələri üçün işləyən karbon tutma və saxlama texnologiyası üçün iqtisadi əsaslandırma yoxdur. Hələ ki, hidrogenlə bağlı tam həcmdə deyil", - Herhold deyib.

Onun sözlərinə görə, hazırda karbon tutma və hidrogen haqqında çox danışılır, lakin tənzimləyici orqanlar, hökumətlər və sənaye assosiasiyaları daha inandırıcı iqtisadi əsaslandırmalarəı hələ hazırlamalıdır.

"Fikrimcə, əvvəlki COP konfranslarında artıq müzakirə olunmuş istiqamətin təsdiqi yaxşı nəticə və götürülmüş öhdəliklərin təsdiqi olardı. Düşünmürəm ki, bu mərhələdə əlavə öhdəliklərə ehtiyacımız var. Hazırda mühüm olan nəzərdə tutulanı yerinə yetirmək, hərəkətə keçmək və real irəliləyiş əldə etməkdir. İlk növbədə, tənzimləyici orqanlar normativ-hüquqi baza və iqtisadi əsaslandırma hazırlamalıdır. Fikrimcə, Azərbaycan bu prosesdə mühüm rol oynaya bilər. Bununla belə, qlobal iqlim dəyişikliyi probleminin həllində bütün məsuliyyəti yalnız bir ölkənin, xüsusən də Azərbaycanın üzərinə yükləməyə dəyməz. Biz artıq 28 COP konfransı keçirmişik və bu müddət ərzində emissiyalar dayanmadan artıb. Hesab edirəm ki, daha məntiqli konsepsiya bir dəfəyə üç konfransın - Dubayda COP28, Azərbaycanda COP29 və Braziliyada COP30 konfranslarının inkişafını nəzərdən keçirdiyimiz "troika"dır. Bu, COP konfransları çərçivəsində daha ardıcıl tədbirlər planı və təkamülü təmin edəcək və hər dəfə gah bu, gah da digər ölkənin müxtəlif gündəmlər irəli sürməsindən daha lazımlı olacaq", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər