Türkiyə Azərbaycana dəstək vermək üçün əlindən gələni etməyə davam edəcək - Fəxrəddin Altun

Türkiyə Azərbaycana dəstək vermək üçün əlindən gələni etməyə davam edəcək - Fəxrəddin Altun

Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edildiyi dövrdə Türkiyə qardaş ölkəyə təkcə siyasi, müdafiə və ictimai sahədə deyil, informasiya sahəsində də fəal dəstək verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çərşənbə axşamı Ankarada Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə əldə olunan qələbəsinin ikinci ildönümünə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın atdığı koordinasiyalı addımlar sayəsində Ermənistan və erməni lobbisi tərəfindən yayılan dezinformasiyanın təsiri minimuma endirilib ki, bu da Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verib.

O qeyd edib ki, erməni lobbisi indi də Cənubi Qafqazın mənzərəsini təhrif etməyə, ermənilərin işğal zamanı törətdikləri cinayətlər barədə məlumatları arxa plana keçirməyə və Azərbaycanın imicinə zərbə vurmağa çalışır:

"Azərbaycan və türk dünyası ermənilərin cinayətlərini unutmayacaq. Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu. Türkiyə Azərbaycanı dəstəkləmək üçün, o cümlədən informasiya sahəsində, əlindən gələni etməyə davam edəcək. Qarabağ azaddır və bir daha işğal altında olmayacaq!".