İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edildi

İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edildi

Bakı. TurkicWorld:

İranın Tehran vilayətində İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bu gün saat 07:30-dan başlanaraq həyata keçirilir.

TurkicWorld xəbər verir ki, bunu İranın İmam Xomeyni Beynəlxalq Aeroportunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Cavad Salehi deyib.

Onun sözlərinə görə, İsrailin İrana hücum etməsi ehtimalı ilə aeroportda uçuşların saat 05:30-dan 10:30-dək ləğv edilməsi nəzərdə tutulmuşdu:

" Lakin vəziyyətin normallaşması ilə uçuşların ləğvi daha tez dayandırılıb. Hazırda bu aeroportdan heç bir istiqamətdə uçuş qadağası yoxdur. Sadəcə, BƏƏ-də baş verən güclü yağıntılara görə, Dubay istiqamətində uçuşlar qadağandır", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün İranın dövlət KİV-də İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırıldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.