Aİ Ukraynaya yeni 50 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlib

Aİ Ukraynaya yeni 50 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlib

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Ukraynaya yeni 50 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.

"27 Aİ üzv ölkəsi olaraq razılığa gəldik, 27 liderin hamısı Aİ büdcəsi çərçivəsində Ukraynaya 50 milyard avroluq əlavə dəstək paketi üzərində razılaşdıq. Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edir. Aİ Ukraynanı dəstəkləməkdə liderlik və məsuliyyəti öz üzərinə götürür",- deyə o bildirib.

Sammitdəki əsas görüşdən əvvəl Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen, Macarıstanın baş naziri Viktor Orban, Fransa, Almaniya və İtaliya liderləri ilə təkbətək görüş keçirib. Görüşdən sonra Mişel 27 liderin hamısının dəstək paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Aİ Komissiyası yaxın dörd ildə Ukraynaya fasiləsiz dəstək vermək üçün 2024-2027-ci illər büdcəsinə 50 milyard avroluq fondun daxil edilməsinə qərar verib.

Qeyd edək ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, 13 dekabr 2023-cü il tarixində Avropa Parlamentindəki çıxışında qeyd edib ki, Ukraynanın bizim davamlı maliyyə dəstəyimizə, eləcə də siyasi dəstəyimizə ehtiyacı var. Macarıstan isə Aİ büdcəsinin üzv ölkələrə dəstək verməli olduğu, Ukraynada ciddi korrupsiyanın olduğu, müharibədə Qərbin təklif etdiyi dəstəyin nəticə vermədiyini əsas gətirərək Ukraynaya maliyyə yardımı edilməsinə qarşı çıxıb.

Aytac Süleymanova

Twitter: a_alieva_