Türkiyəli investorların Misirdəki illik dövriyyəsi 1,5 milyard dollardır

Türkiyəli investorların Misirdəki illik dövriyyəsi 1,5 milyard dollardır

Bakı. TurkicWorld:

Türk sərmayədarları Misirə 3 milyard dollara yaxın sərmayə qoyduqları halda, bu sərmayələr birbaşa 70 min, dolayı yolla 100 min nəfərin məşğulluğunu təmin edir. İnvestisiyaların illik dövriyyəsi 1,5 milyard dollara çatır.

TurkicWorld-un məlumatına görə, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Misir İş Şurasının sədri Mustafa Denizer iki ölkə arasındakı ticarət həcminin 2007-ci ildə Misirlə imzalanan Azad Ticarət Sazişi ilə artmağa başladığını və hazırda 10 milyard dollara çatdığını bildirib.

Türkiyə ilə Misir arasındakı ticarət əlaqələrində enerjinin əhəmiyyətli potensiala malik olduğuna diqqət çəkən Denizer, iki ölkə arasında ticarət həcminin önümüzdəki beş ildə 15-20 milyard dollara çatmasının mümkün olduğunu söyləyib.

Denizer vurğulayıb ki, Türk məhsulları Misirdə həm keyfiyyət, həm də marka baxımından əhəmiyyətli bir imicə sahibdir.

Misirin enerjidən əldə etdiyi cari artıqlığın bir növ türk məhsullarına yönəldilməsi lazım olduğuna diqqət çəkən Denizer qeyd edib ki, Misir sənayesinin çoxlu ara mallara ehtiyacı var. Əvvəllər Türkiyədən təmin edirdi, indi də edə bilər. İki ölkə arasında ticarət həcminin iki dəfə artması potensialı var.