Zəlzələlər Türkiyəyə 100 milyard dollara başa gələcək - BMT

Zəlzələlər Türkiyəyə 100 milyard dollara başa gələcək - BMT

Bakı, TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, Türkiyədə baş verən zəlzələlər zamanı yaranan maddi ziyan ən azı 100 milyard dollara çatacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri BMT-nin İnkişaf Proqramının Türkiyə Direktoru Louisa Vinton Qaziantepdə videokonfrans vasitəsilə verdiyi açıqlaması zamanı bildirib.

"Hatayda baş verən zəlzələ zamanı yaranan zərər daha çoxdur", - deyə Vinton qeyd edib.

Daha sonra Vinton bildirib ki, martın 16-da Brüsseldə keçiriləcək beynəlxalq konfransda zəlzələ zamanı Türkiyədə yaranmış ziyanla bağlı daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 46 min 104 nəfərə çatıb.