Rəşt-Astara dəmir yolunun tikintisinin başlanma tarixi açıqlanıb

Rəşt-Astara dəmir yolunun tikintisinin başlanma tarixi açıqlanıb

Bakı. TurkicWorld:

Maksimum gələn 1,5 ay ərzində Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolu xəttinin tikintisinə başlanacaq.

TurkicWorld-un məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, Rəşt-Astara dəmiryolunun tikilib başa çatdırılması ilə İran birbaşa olaraq Azərbaycanın dəmiryol xəttinə birləşəcək. Bundan əlavə, İran dəmiryolu xətti ilə Azərbaycan vasitəsi ilə Rusiyaya və Rusiyadan Şimali Avropaya birləşəcək. Beləliklə Şimali Avropadan İranın cənubunda yerləşən Bəndər Abbas limanına qədər dəmiryolu xətti mövcud olacaq. Bu isə Şimal-Cənub Beynəlxalq Dəhlizində əsas rola sahib olan marşrutdur.

Nazir müavini bildirib ki, İran və Rusiya arasında Rəşt-Astara dəmiryolunun tikintisi layihəsinin hazırlanması üzrə işlər artıq başa çatmaqdadır. Layihə hazırlandıqdan sonra dəmiryolunun tikintisi üzrə Rusiyadan krediti alınacaq və iki ölkə arasında razılaşmaya əsasən dəmiryolunun tikintisinə başlanacaq.

Əfəndizadə əlavə edib ki, Rəşt-Astara dəmiryolu xəttinin təxminən 30-40%-i körpülərdən ibarət olacaq.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.