Azərbaycanın Londondakı səfirliyində anım mərasimi keçirilib

Azərbaycanın Londondakı səfirliyində anım mərasimi keçirilib

Azərbaycanın Londondakı səfirliyində son zamanlar üzləşdiyimiz bəzi üzücü hadisələr ilə bağlı anım tədbiri keçirilmişdir.

Səfirlikdən TurkicWorld-a bildirilib ki, ilk olaraq Tehran şəhərindəki səfirliyimizin mühafizəsi zamanı qəhrəmancasına həlak olmuş şəhid Orxan Əsgərovun əziz xatirəsi yad olunmuşdur. Səfir Elin Süleymanov qonşu ölkənin paytaxtında belə ağlagəlməz hadisənin baş verməsindən çox təəssüfləndiyini bildirib.

Daha sonra, səfir Süleymanov çıxışı zamanı qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində vəfat etmiş qardaş və bacılarımızın yaxınlarına səbr diləmişdir. Həmçinin, Suriyada və Xoy şəhərində zəlzələ nəticəsində baş vermis itkilərin hamımızı məyus etdiyi vurğulanmışdır.

O, Azərbaycan başda olmaqla, dünyanın bütün ölkələrində azərbaycanlıların bir yumruq kimi birləşərək qardaş Türkiyəyə yardım kampaniyalarında ən fəal şəkildə iştirak etmələrindən qürur duyduğunu bildirmişdir.

Tədbirdə həmçinin, səfir Süleymanov və Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri doktor Əli Tekin Atalar Azərbaycanın bir neçə ölkədə o cümlədən, Birləşmiş Krallıqda səfiri olmuş Fəxrəddin Qurbanovun vəfatından kədərləndiklərini söyləmiş, onunla bağlı xoş xatirələrini bölüşmüşlər. F.Qurbanovun gülərüz insan olduğu, fəaliyyət göstərdiyi ölkələrdə həmişə azərbaycanlıların problemləri ilə yaxından maraqlandığı qeyd olunmuşdur.

Çıxışlardan sonra bütün tədbir iştirakçıları ilə birlikdə vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və hər kəs ehsan süfrəsinə dəvət olunmuşdur.