Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Zəfər Gününə həsr olunan yarışı “Qələbə” qazanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Zəfər Gününə həsr olunan yarışı “Qələbə” qazanıb

Bakı. TurkicWorld:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş Vətən müharibəsi veteranlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Zəfər Gününə həsr olunan növbəti futbol yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, Vətən Müharibəsi Qəhrəmanları və digər tanınmış şəxslər də olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şərti adlandırılan “Zəfər” və “Qələbə” komandaları meydana çıxıblar.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə veteranları, digərləri isə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşları olub.

Protezlərin funksionallığı və aktivliyi onlara oyun ərzində yüksək performans göstərməyə imkan verib.

Maraqlı oyun epizodları və gərgin mübarizə şəraitində keçən matç 7:4 hesabı ilə “Qələbə” komandasının xeyrinə başa çatıb.

Sonda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.

İdman.biz