Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi bütün region üçün çox önəmlidir – Rufiz Hafizoğlu (ÖZƏL)

Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi bütün region üçün çox önəmlidir – Rufiz Hafizoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi bütün region üçün çox önəmlidir, bu sözləri Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Rufiz Hafizoğlu TurkicWorld-a özəl açıqlamasında deyib.
“Seçki prosesi hər bir xalqın, hər bir dövlətin siyasi həyatında önəmli məsələlərdən biridir. Türkiyə digər dövlətlərdən fərqli olaraq hər zaman istər bələdiyyə, istər prezident seçkilərində dünyanın diqqət mərkəzində olub. Məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Türkiyədə siyasi aktivlik müşahidə edilir. Ümumiyyətlə Türkiyənin modern siyasi tarixi Ədalət və İnkişaf Partiyasından (AK Parti) əvvəl və sonra olmaqla iki dövrə bölünür. AK partinin hakimiyyətə gəlməsindən sonra Türkiyənin siyasi müstəvidə həm qlobal aspektdə, həm də bölgədə rolu müsbət yöndə dəyişib”, - deyə R.Hafizoğlu bildirib.
Onun sözlərinə görə, bu gün ikili oyun oynamadan siyasət yürütməyin mümkün olmamasına baxmayaraq, Rəcəb Tayyib Ərdoğan sözünü deyən, dürüst siyasət yürüdən liderdir.

“Prezident Ərdoğan nəinki Qərbin, Rusiya, ABŞ və Ərəb dövlətlərinin diqtəsinə, tələblərinə, təzyiqlərinə bu və ya digər şəkildə sinə gərən yeganə liderdir və onun şəxsiyyəti çox önəmlidir. Əgər seçki nəticələrində hər hansı bir dəyişiklik olarsa bu, sadəcə Türkiyə üçün deyil, bütün region üçün çox katostrofik nəticələrə gətirib çıxara bilər. İlk növbədə Türkiyənin Balkan ölkələri, Yaxın Şərq, ABŞ və Rusiya ilə münasibətlərinə xüsusilə daha çox təsirini göstərəcək. Bu gün Türkiyə-Azərbaycan münasibətləri “bir millət iki dövlət” prinsiplərinə əsaslanır, lakin təəssüflər olsun ki, Türkiyə müxalifəti bunu heç də bu cür qəbul etmir və son dəfə müxalifət Cumhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözdə “Turan yolu” adlandırdığı xəritədə Azərbaycanı gözardı edərək marşurutları İran üzərindən göstərməsi bir daha sübut etdi ki, bu hakimiyyətin Azərbaycana qarşı münasibətləri heç də xoş deyil. Hələ seçkilərin nəticələrinin bəlli olmadığı halda Azərbaycana düşmən mövqeyindən, ikinci dövlət prinsipindən yaxınlaşırlar, lakin Azərbaycansız nə Turan, nə də Türk Birliyi ola bilməz. Türkiyə müxalifəti bunu dərk etməlidir”, - deyə o vurğulayıb.

R.Hafizoğlu onu da qeyd edib ki, Türkiyənin bütün önəmli meqa Iayihələrində məhz prezident Ərdoğanın imzası var.
“Seçkilərdə kimin qalib gələcəyi türk xalqının seçimidir. 2000-ci ildən bu günə qədər Ərdoğanın uduzduğu seçki yoxdur. Bu baxımdan hesab edirəm ki, R.T.Ərdoğan bu seçkilərdə də qalib gələcək”, -deyə o əlavə edib.

R.Hafizoğlu onu da bildirib ki, bu gün bir çox dövlətlər tərəfindən Türkiyəyə qarşı iqtisadi təzyiqlər var, dollar kursunun dəyişməsi də bunun göstəricisidir.

“Ərdoğan sıradan bir siyasətçi deyil. Türkiyə toplumunda prezident seçmək ənənəsi məhz Ərdoğandan sonra formalaşıb. Belə ki, əvvəl prezident parlament tərəfindən seçilirdi, yəni xalqın prezident seçmək ənənəsi yox idi. Bu gün Ərdoğan xarizması və Kılıçdaroğlu eyni müstəviyə qoyulmayacaq qədər bir-biri ilə uzlaşmır, necə ki, Rusiya prezidenti Valdimir Putin və K.Kılıçdaroğlu müqayisəolunmaz liderlərdir. Digər tərəfdən hər hansı Avropa prezidentini götürək. Məsələn, Fransa prezidenti Emmanuel Makron Avropanın ən təcrübəsiz, ən sevilməyən lideri olsa da Kılıçdaroğlu ilə yan-yana qoyulduqda Fransa prezidentinin xarizması Kılıçdaroğlunu ötüb keçəcək. Buna görə də lider çox önəmlidir”,- deyə o vurğulayıb.
O hesab edir ki, seçkilərdə R.T.Ərdoğanın qalib gəlməsi mütləqdir, ən azından Azərbaycan bunu arzu edir.

“Əgər bu gün PKK terror təşkilatının dili ilə danışan K.Kılıçdaroğlu və yeddili masa muxtariyyət kimi məsələləri gündəmə gətirirsə HDP, CHP və ya onların havadarları tərəfindən sabah ölkənin parçalanması açıq şəkildə gündəmə gətirilə bilər. Bu baxımdan Ərdoğanın seçkilərdə qalib gəlməsi bütün region üçün çox önəmlidir”, - deyə R.Hafizoğlu bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01