Petr Zix Avropa Şurası və Aİ-nin Azərbaycandakı birgə layihəsi üzrə müzakirələrin nə zaman başlayacağını açıqlayıb

Petr Zix Avropa Şurası və Aİ-nin Azərbaycandakı birgə layihəsi üzrə müzakirələrin nə zaman başlayacağını açıqlayıb

Bakı. TurkicWorld:

Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq.

Bu barədə TurkicWorld-a Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix deyib.

"Bu məsələ yetərincə geniş sahəni əhatə etdiyindən, gələn ay Avropa Şurasının Avropa İttifaqı və Azərbaycan hakimiyyəti ilə proqramımızın bu mövzu çərçivəsində məhz hansı məsələlərin həllinə həsr olunacağına dair müzakirələri baş tutacaq", - deyən P.Zix əlavə təfərrüatların bir neçə həftə sonra məlum olacağını vurğulayıb.

Onun sözlərinə görə, Avropa Şurası Avropa İttifaqı və azərbaycanlı tərəfdaşlarla birgə ölkədə dörd sahədə bir sıra layihələr həyata keçirəcək. Bu layihələr məhkəmə sisteminin dəstəklənməsi, iqtisadi cinayətlərlə mübarizə və gender bərabərliyinin təşviqinə yönələcək.

Qeyd edək ki, Azərbaycanda "Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq" (PGGIII) proqramının üçüncü fazası çərçivəsində layihələrin icrası üçün 2,5 milyon avro dəyərində vəsait ayrılıb.

"Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq" proqramı Avropa İttifaqı ilə Avropa Şurasının Şərq Tərəfdaşlığı regionunda birgə təşəbbüsüdür.